Ölkə iqtisadiyyatının dayanıqlı inkişafı, aktiv vergi ödəyicilərinin sayının əhəmiyyətli şəkildə artması, işğaldan azad edilmiş ərazilərimizdə iqtisadi və sahibkarlıq fəaliyyətinin aktivləşməsi vergi orqanlarının idarəetmə sisteminin müasir çağırışlara uzlaşdırılmasını zəruri edir.
Bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlb olunmasında dəyişikliklər edilib - VİDEO
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bu zərurətdən irəli gələrək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunda optimallaşdırmalar aparılıb.
Dəyişikliklər vergi daxilolmalarının müsbət dinamikasını artırmaq, işğaldan azad edilmiş ərazilərdə vergi ekosistemini bərqərar etmək, orada yaşayan vətəndaşların və fəaliyyət göstərən biznes subyektlərinin vergi xidmətlərinə çıxışını və vətəndaş məmnunluğunu təmin etmək, ümumilikdə risk əsaslı nəzarət çərçivəsini təkmilləşdirmək məqsədi daşıyır.
Aparılan islahatlar çərçivəsində əsas məqamlar bunlardan ibarətdir:
İşğaldan azad olunmuş ərazilər üzrə vergi orqanları təsis edilib. İşğaldan azad edilmiş rayonların vergi şöbələrinin bazasında Qarabağ ərazi vergilər baş idarəsi və Şərqi Zəngəzur ərazi vergilər idarəsi yaradılıb.
Burada əsas məqsəd işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasının və Böyük Qayıdışın sürətləndirilməsinə töhfə verilməsi, vergi inzibatçılığının ümumi idarəetmə modelinə uyğunlaşdırılması, vergi xidmətlərinə əlçatanlığın təmin edilməsidir.
Vergi ombudsmanı xidməti baş idarəsi yaradılıb. Baş idarənin yaradılmasında əsas hədəf vergi orqanlarında vergi ödəyicilərinin hüquqların qorunması üçün preventiv tədbirlərin görülməsi və bu sahədə səmərəliliyin artırılmasıdır. Bu strukturun yaradılması sahibkarların qarşılaşdığı məsələlərin həllində onlara əlavə dəstək verilməsi məqsədi daşıyır.
Vergi risklərinin idarə edilməsi baş idarəsi yaradılıb. Baş idarənin yaradılmasında əsas hədəf vergidənyayınma risklərinin əvvəlcədən təhlili və müvafiq tədbirlərin keçirilməsi mexanizminin qurulmasıdır. Bununla da vergi ödəyicilərinin vaxtına qənaət olunacaq, vergi orqanlarının resursları risk potensialı daha yüksək olan vergi ödəyicilərinə yönəldiləcək, resursların bölüşdürülməsi optimallaşdıracaq.
Bəzi funksiyalar mərkəzləşdirilib. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin bazasında Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş idarəsi yaradılıb. Qeyd olunan dəyişikliklə Bakı şəhəri üzrə vahid uçot fəaliyyətini və operativ nəzarəti həyata keçirəcək vergi orqanı təsis edilib.
Bundan başqa, 4 ərazi vergi orqanının səyyar və kameral vergi yoxlamalarla bağlı funksiyaları və Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin kameral vergi yoxlamaları ilə bağlı funksiyası Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müvafiq funksiyalarına birləşdirilib. Bu dəyişiklik səyyar və kameral yoxlamalar sahəsində vahid yanaşmanın tətbiqi, yoxlamaların effektivliyinin artırılmasına imkan verəcək.