İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi, qanunvericiliyə dəyişikliklər və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi davam etdirilir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən vergi güzəştləri
FED.az xəbər verir ki, növbəti belə görüş Dövlət Vergi Xidmətinin aidiyyəti strukturlarının və aqroparkların nümayəndələrinin iştirakı ilə keçirilib. Görüşün əsas məqsədi ölkədə aqrar sənayenin və fermer təsərrüfatlarının fəaliyyətini iş adamları ilə müzakirə etmək, bu istiqamətdə yaranan məsələlərin həlli üçün atılacaq addımları müəyyənləşdirmək olub.
Görüşdə kənd təsərrüfatı, heyvandarlıq və yem əlavələri sahəsində istehsal, emal və satış zamanı yaranan çətinliklər, bu sahədə uçotun şəffaflaşması üçün atılan addımların sektora təsiri, vergi güzəştlərinin tətbiqinin nəticələri kimi məsələlər ətrafında müzakirələr aparılıb. Aqroparkların nümayəndələri vergi güzəştlərinin tətbiqi mexanizmləri, ƏDV-dən azad edilən məhsul siyahısının təkmilləşdirilməsi və fermerlərin fəaliyyətinə dəstək formaları ilə bağlı təkliflər səsləndiriblər. Müzakirələr zamanı kənd təsərrüfatının təşviqi istiqamətində tətbiq edilən güzəştlərin mahiyyəti barədə DVX-nin nümayəndələri tərəfindən ətraflı məlumatlar verilib.
Tədbirdə vergi qanunvericiliyi ilə bağlı qaldırılan məsələlərin, istehsal, ixrac və digər əməliyyatlarla əlaqədar aidiyyəti dövlət orqanları ilə yarana biləcək münasibətlərin tənzimlənməsinin diqqətdə saxlanılacağı qeyd olunub, qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb. Tədbir iştirakçıları görüşlə bağlı razılıqlarını ifadə ediblər.