Azərbaycandakı sahibkarlıq subyektlərinə yeni nəzarət üsulu başlayır.
Bu maliyyə sanksiyası ləğv edilir – VERGİDƏ DAHA BİR GÜZƏŞT
FED.az xəbər verir ki, bununla bağlı Vergi Xidməti məlumat yayıb.
Xidmət xatırladır ki, vergi ödəyicilərinin, onların obyektlərinin və nəzarət-kassa aparatlarının uçotunu aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilib.
Vergi Xidmətindən FED.az-a verilən məlumata görə, bu işlərin həyata keçirilməsi, o cümlədən sahibkarlıq sahəsində şəffaf və rəqabətli mühitin yaradılması, qanunsuz sahibkarlığın aradan qaldırılması və məsafədən nəzarət imkanlarının genişləndirilməsi məqsədilə Dövlət Vergi Xidməti İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dəstəyi ilə respublika ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus təsərrüfat subyektlərinin (obyektlərinin) dislokasiyasını və toplanmış məlumatların dürüstləşdirilərək rəqəmsal xəritə infrastrukturuna işlənməsini təmin edəcək.
Dislokasiya prosesləri zamanı Vergi Məcəlləsinin 33.2-ci maddəsinin tələblərinə uyğun, olduğu ünvan üzrə vergi uçotuna alınmalı olan filial, nümayəndəlik və ya digər təsərrüfat subyektlərində (obyektlərində) aşağıdakı 3 istiqamətdə məlumatların toplanması və dəqiqləşdirilməsi həyata keçiriləcək:
- təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərən şəxslərin vergi uçotuna alınması və məlumatlarının dəqiqləşdirilməsi;
- təsərrüfat subyektlərinin (obyektlərinin) faktiki məlumatlarının dürüstlüyü (ünvanı, coğrafi koordinatları, sahəsi, mülkiyyətçisi və ya istifadəçisinə dair məlumatlar, fəaliyyət istiqamətləri və s.);
- təsərrüfat subyektlərinin (obyektlərinin) fəaliyyətinin vergi qanunvericiliyinin tələblərinə cavab verməsi vəziyyəti.
Dislokasiya tədbirləri Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən həyata keçiriləcək. Prosesə obyektlərin elektron xəritəsinin yaradılması üzrə zəruri texniki biliklərə malik olan "4MAPS BİLGİ TEKNOLOJİLERİ" MMC-nin əməkdaşları mütəxəssis qismində cəlb ediliblər.
Dövlət Vergi Xidməti dislokasiya prosesinin qısa müddətdə həyata keçirilməsi üçün sahibkarlıq subyektlərini vergi orqanları əməkdaşlarına zəruri köməkliyin göstərilməsinə dəvət edir.