İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" (AQSİA) İctimai Birliyi ilə kənd təsərrüfatı sektorunda hüquqi münasibətlərin və xərclərin rəsmiləşdirilməsi, istehsal fəaliyyətinin stimullaşdırlması üçün güzəştlərin labüdlüyü, büdcədən artıq ödəmələrin operativ geri qaytarılması, bank hesablarına sərəncamların sahibkarın bütün vəsaitlərinə deyil, yaranmış borc məbləğinə yönləndirilməsi, vergi mükəlləfiyyəti, tenderlərdə iştirak üçün arayışların operativ əldə edilməsi mövzularında müzakirələr aparıb.
FED.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı keçirilmiş görüşdə Assosiasiyanın İdarə Heyətinin sədri Səkinə Babayeva əsas məqsədin qadın sahibkarların üzləşdiyi məsələlərin müzakirəsi, həmçinin vergi qanunvericiliyi ilə bağlı assosiasiya tərəfindən hazırlanan təkliflərin müzakirəsi olduğunu bildirib. O, qeyd edib ki, Assosiasiyaya daxil olan şirkətlərlə müzakirələr əsasında bir sıra təkliflər formalaşdırılıb. S.Babayeva bu kimi görüşlərin dövlət - özəl sektor arasında dialoq formatını inkişaf etdirməklə biznes mühitinin təkmilləşdirilməsində körpü rolunu oynadığını vurğulayıb.
Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva isə görüşün sahibkarların təcrübədə qarşılaşdıqları çətinliklərin öyrənilməsi, onların qanunvericilik və inzibatçılıq müstəvisində həlli yollarının axtarılması, həmçinin sahibkarlar tərəfindən irəli sürülən təkliflərin öyrənilməsi baxımından faydalı olduğunu qeyd edib. O, son illər vergi sistemində aparılan islahatlar, vergi inzibatçılığında tətbiq olunan yeniliklər barədə tədbir iştirakçılarına məlumat verib.
Assosiasiya üzvlərinin qanunvericiliyə gözlənilən dəyişikliklər, habelə vergilərin ödənilməsi və hesabatlılıq sahəsində qarşılaşdıqları praktiki məsələlərlə bağlı ünvanladıqları suallar cavablandırılıb, görüşdə səsləndirilmiş bir sıra təkliflər gələcəkdə baxılması üçün qeydə alınıb.
AQSİA 2017-ci ildə təsis olunub. Qurumun əsas məqsədi ölkədə qadın sahibkarlığının inkişafına dəstək verməkdir.