İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində bir sıra stuktur dəyişiklikləri həyata keçirilib. Bu dəyişikliklərin bir hissəsi Vergi siyasəti Baş İdarəsinin fəaliyyətini əhatə edib. FED.az xəbər verir ki, baş idarənin rəisi Nicat İmanov dəyişikliklərin mahiyyəti və qarşıya qoyulan əsas məqsədləri şərh edib.
Eləcə də bax: Azərbaycanın vergi sistemi təkmilləşdiriləcək
- Nicat müəllim, Vergi siyasəti Baş İdarəsində aparılmış son struktur dəyişiklikləri nələri əhatə edir və bu, hansı zərurətdən irəli gəlib?
- Dövlət Vergi Xidməti bu gün Azərbaycanda iqtisadi inkişafın təmin edilməsində, sahibkarlığın dəstəklənməsi prosesində fəal iştirakçıya çevrilə bilib və ötən illər bir daha göstərdi ki, vergi orqanları ölkənin iqtisadi inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində öz töhfələrini vermək iqtidarındadır. Bu gün hər bir sahənin fəaliyyət prioritetləri hökumətin başlıca vəzifəsi olan davamlı iqtisadi artımın təmin edilməsinə istiqamətlənməlidir.
Məlum olduğu kimi, qanunvericiliyin ictimai münasibətlərin tələblərinə uyğunlaşdırılması və onun icra mexanizmlərinin effektivliyi əlverişli biznes mühitinin formalaşdırılması üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan, vergi qanunvericiliyinin tətbiqi zamanı sahibkarların qarşısına çıxan çətinliklərin öyrənilməsi, bu istiqamətdə dövlət vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı birgə əməkdaşlığa əsaslanan horizontal münasibətlərin qurulması vergi siyasəti üzrə prioritet istiqamətlərdən biridir.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də cəmiyyət, biznes və dövlət üçlüyünün əhəmiyyəti vurğulanmaqla yanaşı, biznesə dost dövlət idarəetməsi iqtisadi yüksəlişin təməl amilləri sırasında qeyd edilib. Həmçinin, İqtisadiyyat Nazirliyinin rəhbərliyi tərəfindən vergi ödəyiciləri ilə vergi qurumları arasında münasibətlərin yeni müstəvidə qurulması, dialoq formatında görüşlərin keçirilməsi, assosiasiyalarla bağlı görülməli olan işlərin intensivləşdirilməsi barədə tapşırıqlar verilib.
Sahibkarların maraqlarını təmsil edən sahibkar birlikləri, assosiasiyaları və digər ödəyici qrupları ilə qarşılıqlı əməkdaşlığa əsaslanan birgə fəaliyyətin təmin edilməsi məqsədilə iqtisadiyyat nazirinin müvafiq əmrinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsində struktur dəyişiklikləri aparılıb, Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsi, o cümlədən idarənin tərkibində Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsi yaradılıb. Yeni strukturun formalaşdırılmasında əsas məqsəd birgə fəaliyyət zamanı dövlətlə sahibkarlar arasında münasibətləri dialoq platformasında inkişaf etdirmək, sahibkarların vergi qanunvericiliyi ilə əlaqədar qarşılaşdıqları sektoral problem və çətinliklərin dinlənilməsi, qanunvericilikdə və inzibatçılıqda olan çatışmazlıqların müəyyən edilərək aradan qaldırılmasından ibarətdir.
- Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsinin fəaliyyət prinsipi nədən ibarət olacaq?
- Son illərdə vergi sahəsində aparılan islahatlara nəzər salsaq, görərik ki, dövlət-sahibkar münasibətlərinin yeni müstəviyə çıxarılması, qarşılıqlı dialoqa əsaslanan işgüzar münasibətlərin qurulması diqqət mərkəzindədir. Struktur dəyişiklikləri, əslində, bu proseslərin davamıdır. Dövlət-sahibkar münasibətlərində horizontal platformanın qurulması hədəflənir. Qurulan iş, ilk növbədə, sektoral problemlərin davamlı olaraq öyrənilməsi və inkişaf perspektivləri, bu məqsədlə qanunvericilik strukturunu necə dəyişmək barədə dövlət qurumlarının məlumatlı olmasını təmin edəcəkdir. Nəticədə sektor üzrə vergi mexanizmlərinin təkmilləşdirilməsi, dəstək tədbirlərinin görülməsi və yeniliklərin tətbiqi üçün əlverişli şərait yaranmış olacaq. Bu, həm də sahibkarlarla dialoq mesajının cəmiyyətə əyani çatdırılmasıdır. Yeni yaradılmış şöbə müxtəlif fəaliyyət sahələri üzrə sahibkarlıq birlikləri və assosiasiyaları, ictimai birliklər, ticarət palataları və digər ödəyici qrupları ilə aktiv ünsiyyətdə olacaq. Qarşıya qoyulan hədəflərə nail olmaq və qanunvericiliyin tətbiqinin sahibkarlıq subyektlərinin fəaliyyətində yaratdığı müsbət və mənfi halları araşdırmaq üçün bir neçə istiqamətlərdə işlərin görülməsi nəzərdə tutulub.
- Sahibkarların qarşılaşdıqları problemlərin həlli istiqamətində hansı işlərin görülməsi nəzərdə tutulur?
- Sahibkarlığın qarşısında duran problemlərin müəyyən olunması məqsədilə sahibkar birlikləri və assosiasiyaları ilə mütəmadi olaraq görüşlərin və müzakirələrin təşkil edilməsi, müəyyən edilmiş real problemlərin həlli istiqamətində vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsinə dair təkliflərin verilməsi nəzərdə tutulur. Hər şeydən öncə, sektorlar üzrə mövcud problemlər və çətinliklər barədə aydın təsəvvür yaradılmalıdır. Bu məqsədlə ayrı-ayrı sektorlar üzrə fəaliyyət göstərən assosiasiyalarla sistemli bir şəkildə iş aparılacaq.
Qeyd edim ki, artıq aktiv fəaliyyət göstərən sahibkar birlikləri və assosiasiyalarla fəal əməkdaşlığa başlanılıb. Bu il fevralın 22-də sahibkarların ictimai birlikləri ilə videokonfrans formatında ilk görüş keçirilib. Həmin görüşün nəticəsi olaraq, sektorlardakı mövcud çağırışlar və onların həlli üçün görə biləcəyimiz işlərlə bağlı təkliflərin formalaşdırılması barədə razılaşma əldə edilib. Hazırda Dövlət Vergi Xidməti tərəfindən müvafiq assosiasiyalarla birgə hər bir vergi növü üzrə sahibkarların qarşılaşdıqları problemlər və çatışmazlıqlar barədə məlumatlar toplanılır. Daha sonra bu məlumatlar emal ediləcək və qarşılıqlı müzakirələr zamanı həmin problemlərin obyektivliyi, habelə alternativ həlləri, yaxud yeni formatın hazırlanması zəruriliyi aydınlaşdırılacaq.
Görüşlərimiz zamanı vergi ödəyiciləri tərəfindən daimi xarakter alan pozuntu halları barədə, eləcə də qanunvericiliklə bağlı vahid yanaşmanın təmin edilməsi üçün assosiasiyalar məlumatlandırılacaq. Onlar da öz növbəsində xarakterik nöqsanlar, habelə vergi orqanının izahları barədə məlumatları sektorda çalışan sahibkarlıq subyektlərinin diqqətinə çatdıracaqlar ki, nəticədə informasiya mübadiləsinin çevikliyi və intensivliyi artmış olacaq. Həmçinin inzibatçılıq sahəsində qarşıda duran çətinliklərin aradan qaldırılmasında həmin sektorlara müvafiq dəstək veriləcək. Bu, sənədləşmələrin tərtibi, elektron sənədləşmədəki çətinliklərin aradan qaldırılması, yeni elektron xidmətlərin tətbiqi və ya təkmilləşdirilməsi ola bilir. Yəni məqsəd sahibkarların inzibatçılıq yükünü azaltmaq, praktiki təcrübəyə uyğun inzibatçılığın qurulmasıdır ki, onlar üçün ikili iş yükü yaranmasın.
Sahibkarlar qarşılaşdıqları problemlər, mövcud vergi siyasəti, həmçinin sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verə bilərlər. Bu əməkdaşlıq dövlət-sahibkar tərəfdaşlığının inkişaf etdirilməsinə, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində sahibkarların daha yaxından cəlb olunmasına imkan verəcək.
- Builki Vergi Forumunda səsləndirilən yeni fikirlərdən biri də gələcəkdə Vergi Məcəlləsinin strukturunun dəyişdirilməsi ilə bağlı idi. Bu, hansı zərurətdən irəli gəlir?
- Dövlət Vergi Xidmətinin qarşısında duran hədəflərin icrası baxımından, Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması və mövcud tərtibat formasında dəyişikliklərin edilməsi nəzərdə tutulur. Vergi Məcəlləsinin strukturunun dəyişilməsinin və yeni redaksiyada hazırlanmasının zəruriliyi bir neçə səbəblə bağlıdır. Əvvəla, Məcəllənin daha anlaşılan olması və rəqabətqabiliyyətliliyinin təmin edilməsi üçün zəruri dəyişikliklər edilməsi vacibdir. İkincisi, ölkəyə xarici investisiyaların cəlb edilməsi baxımından daha stabil Vergi Məcəlləsinə ehtiyac vardır. Xarici investorlar müəyyən zaman intervalında vergi mühitinin sabit qalacağına əmin olmalıdırlar. Üçüncüsü, fəaliyyət sahələri üzrə vergiyə cəlb edilən əməliyyatların detallı şəkildə tənzimlənməsi üçün Vergi Məcəlləsinin yeni strukturuna ehtiyac vardır. Sahibkarların ictimai birlikləri ilə aparılan işin məqsədlərindən biri də budur. Nəhayət, Azərbaycanın vergi xidmətinin son illərdə əldə etdiyi beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, beynəlxalq vergi münasibətlərinə inteqrasiyanın təmin olunması baxımından bütün bunları özündə əks etdirən, daha qlobal xarakter kəsb edən yeni qanunvericilik sənədinin işlənib hazırlanması məqsədəuyğundur.