Martın 31-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.
Eləcə də bax: Dövlət Vergi Xidməti yeni strategiya - HAZIRLAYIB
FED.az xəbər verir ki, görüşdə Dövlət Vergi Xidmətinin fəaliyyəti və vergitutma sahəsində maraq doğuran məsələlər, İctimai Şuranın fəaliyyət istiqamətləri və ictimai iştirakçılıq prosesinə verə biləcəyi faydalar müzakirə edilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, İctimai Şuranın sədri Ədalət Muradov cəmiyyət həyatının inkişafı baxımından Şuranın əhəmiyyəti və əsas fəaliyyət istiqamətləri barədə danışıb. Qeyd olunub ki, Şuranın fəaliyyəti, əsasən, cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsindən, sağlam dialoqun qurulmasından, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınmasından ibarətdir. Hazırda Şuranın tərkibində şəffaflığın, hesabatlılığın təmin edilməsi, peşəkar birliklər, QHT-lərlə kommunikasiya, rəy və təkliflərin hazırlanması və ümumiləşdirilməsi üzrə dörd İşçi Qrupu fəaliyyət göstərir.
Tədbir müzakirələrlə davam etdirilib, İctimai Şura üzvlərini narahat edən, həmçinin vergitutmanın müxtəlif aspektlərini əhatə edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Şura üzvlərindən Azərbaycan Banklar Assosiasiyasının sədri, İctimai Şuranın sədr müavini Zakir Nuriyev bank sektorunda mövcud olan vergi məsələləri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri, Şuranın katibi Fərhad Qaraşov kənd təsərrüfatı istehsalçılarının rastlaşdığı bir sıra çətinliklər, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayeva vergi uçotu, mənfəət və xərclərin rəsmiləşdirilməsi ilə bağlı məsələlər, “İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri Rəşad Həsənov yerli əczaçılıq sənayesinin inkişafı üçün zəruri olan vergi təşviqləri, “Şəffaflıq - Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin rəhbəri Əliməmməd Nuriyev mikrosahibkarlığın vergi uçotu məsələləri, “Rieltorlar assosiasiyası” İctimai Birliyinin rəhbəri Elnur Azadov əmlakın kirayə verilməsi sahəsində mövcud olan çətinliklər barədə fikirlərini bölüşüblər.
Dövlət Vergi Xidmətini rəisi Orxan Nəzərli, xidmətin rəis müavini Samirə Musayeva, Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəisi Zaur Fətizadə, habelə DVX-nin digər rəhbər vəzifəli şəxsləri qaldırılmış məsələlərə müvafiq şərhlər veriblər, bir sıra təkliflərin üzərində Şura üzvləri ilə birgə əməkdaşlıq çərçivəsində işlərin davam etdirilməsi razılaşdırılıb.
İctimai Şuranın sədri Ədalət Muradov Şuranın səmərəli fəaliyyətnin biznes və cəmiyyət üçün faydalı olacağına əminliyini ifadə edib, səmərəli əməkdaşlıq üçün təşəkkürlərini çatdırıb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında İctimai Şura “İctimai iştirakçılıq haqqında” Qanuna əsasən, Nazirliyin fəaliyyət istiqamətləri və sahələri üzrə hüquqi aktların qəbulunda və ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi ilə əlaqədar iqtisadiyyat nazirinin müvafiq əmri ilə 10 iyul 2021-ci il tarixində yaradılıb.