Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, tədbirdə Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, eləcə də işçi qrupa daxil olan konsaltinq şirkətlərinin nümayəndələri və sahibkarlar iştirak ediblər.
İşçi qrupun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev Dünya Bankı tərəfindən təqdim olunan “Business Ready” hesabatının müvafiq indikatoru (“Vergitutma”) üzrə həyata keçirilən işlər, təcrübədən çıxış edərək 2024-cü il üzrə yeni Yol Xəritəsində nəzərə alınmış məqamlar, həmçinin iclasın gündəliyində olan digər məsələlər barədə məlumat verib.
Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Yol Xəritəsi üzrə vergitutma sahəsində həyata keçirilən işlərin əhəmiyyətini vurğulayıb, biznes sektorunun aparılan islahatlar, yeniliklər, həmçinin vergi qanunvericiliyində və inzibatçılığında mövcud imkanlar barədə daha intensiv məlumatlandırılmasının zəruriliyini vurğulayıb.
İclasda Dünya Bankı tərəfindən təqdim olunan “Business Ready” hesabatının müvafiq indikatoru (“Vergitutma”) üzrə həyata keçirilən işlər, həmçinin dövlət və özəl sektorun yanaşmaları ilə bağlı məqamlar diqqətə çatdırılıb, bu sahədə konsaltinq şirkətləri ilə görüşlər keçirildiyi və məlumatlandırma işləri aparıldığı qeyd olunub. Bu məqsədlə konsaltinq şirkətlərini maraqlandıran məsələlər üzrə vergitutma sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsi ilə bağlı sual və cavablardan ibarət məlumatların hazırlandığı vurğulanıb.
Görüşdə ətraf mühitin qorunması üzrə beynəlxalq təcrübədən irəli gələn məqamlar da diqqət mərkəzində olub. “EY Azərbaycan” şirkətinin İqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə xidmətlər bölməsinin meneceri Fidan Sadıxlı ətraf mühitin qorunması məqsədlərini hədəfləyən karbon vergiləri və emissiya ticarət sistemi barədə məlumat verib. Qeyd olunub ki, beynəlxalq təcrübədə müxtəlif ölkələr öz inkişaf səviyyəsi və iqtisadi məqsədləri baxımından bu iki sistemdən birinə üstünlük verirlər. Bəzi ölkələr karbon vergiləri vasitəsilə ətraf mühitə atılan emissiyaları məhdudlaşdırmağa, digər ölkələr karbon emissiyalarını idarə etməklə həm ekoloji, həm də iqtisadi faydalar əldə etməyə çalışırlar. İclasda ölkəmizdə bu təcrübələrin gələcək dövr üçün qiymətləndirilməsi üzrə işlərin aparıldığı qeyd edilib.
Tədbirdə sahibkarların vergi qanunvericiliyi ilə bağlı qarşılaşdıqları bir sıra məsələlər də müzakirə olunub. “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin Müşahidə Şurasının sədri Rəsul Orucov kənd təsərrüfatı sektoruna verilmiş güzəştlərin tətbiqi, müxtəlif sahələr üzrə ƏDV-dən azad olunan və olunmayan xidmətlərin iş prosesinə təsiri barədə məsələ qaldırıb. İşçi qrupda təmsil olunan Dövlət Vergi Xidmətinin səlahiyyətli nümayəndələri sahibkarın qaldırdığı məsələlərə aydınlıq gətirib, eyni zamanda konkret biznes fəaliyyətində ortaya çıxan məsələlərin ayrıca müzakirəsini təklif ediblər.
Bundan başqa, görüşdə Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoruna dair 2024-cü il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tapşırıqlar müzakirə olunub. Cari il üçün Yol Xəritəsinin vergi qanunvericiliyi və inzibatçılığının aydınlığı, vergitutma qaydalarında dəyişikliklərin şəffaflığı, ətraf mühit vergiləri, vergi inzibatçılığının rəqəmsallaşdırılması, vergi auditi, mübahisələrin həlli mexanizmi alt indikatorları üzrə nəzərdə tutulmuş tədbirlər barədə məlumat verilib. İşçi qrup 2024-cü il ərzində Yol Xəritəsi üzrə qarşıda duran hədəfləri müəyyən edib, tədbirlərin icrası istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin müvafiq strukturlarına tapşırıqlar verilib.