Vergi, əmək, mühasibat uçotu və kadrlarla iş sahəsində ixtisaslaşmış Mks.az saytının “Öyrətmək savab, öyrənmək qazanc” rubrikası altında çap etdirdiyi növbəti nəşr - Vergi Məcəlləsinin ümumi hissəsinin şərhinə həsr olunmuş “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabı satışa çıxıb.
Eləcə də bax: Fərdi sahibkarın aylıq sosial ayırmaları üzrə - CİDDİ ARTIM - MİSALLARLA İZAH
FED.az xəbər verir ki, vergi və əmək məsələləri üzrə tanınmış ekspert Anar Bayramovun müəllifi olduğu 752 səhifəlik kitabda Vergi Məcəlləsinin 94 maddəlik ümumi hissəsi bənd-bənd izah olunub.
Qeyd edək ki, Vergi Məcəlləsinin xüsusi hissəsinin şərhi ilə bağlı son illərdə müxtəlif müəlliflərin kitabları çap olunsa da, baş vergi sənədinin ümumi hissəsi bugünədək bu şəkildə detallı şərh edilməmişdi.
Kitab yazılma texnikasına və üslubuna, izahvermə metodologiyasına və mətnin maksimum yığcamlığına çalışılmasına görə oxşar nəşrlərdən fərqlənir. Müəllif bu günədək ölkəmizdə müxtəlif məcəllə və qanunvericilik aktlarının şərhindən bəhs edən kitabların ənənəvi üslubundan imtina edib ki, bu da “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabında təkrarçılıqdan qaçılmasına, Məcəllənin maddələrinin və onun hissələrinin daha ətraflı şərh olunmasına, izah dilinin ümumişlək dilə yaxınlaşmasına, misal və nümunələrinin təcrübədən götürülməsinə imkan verib.
Vergi Məcəlləsinin ümumi hissəsinin izahı zamanı maddələrdə təsbit olunan anlayışların və məfhumların məğzinin, nəzərdə tutulan müddəaların tələb və şərtlərinin mahiyyətinin oxuculara tam aydın olması üçün Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Prezidentin fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərarlarına və Vergilər Nazirliyinin daxili normativ aktlarına istinadlar edilib.
Nəşri oxşar metodoloji yanaşma tətbiq edən kitablardan fərləndirən digər cəhətlərdən biri də Vergi Məcəlləsinin müvafiq maddələrinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsidir.
Kitab mühasiblər, Dövlət Vergi Xidmətinin işçiləri, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinin tələbələri, aspriantlar, doktorantlar və bu sahədə tədqiqat aparanlar üçün əvəzsiz vəsaitdir.
Kitabı 012-564-86-85, 050 368 12 72 nömrəli telefonlara zəng etməklə, [email protected] elektron poçt ünvanına yazmaqla sifariş vermək, nağd və köçürmə yolu ilə əldə etmək mümkündür.
Sifariş bir iş günü ərzində çatdırılır. Çatdırılma Azərbaycanın bölgələri də daxil olmaqla bütün şəhər, qəsəbə və kəndlərə ödənişsiz həyata keçirilir.