Koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Eləcə də bax: Yeni vergi güzəştləri açılandı - PREZİDENTƏ MƏRUZƏ EDİLDİ
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi, vergi ombudsmanı Elçin Məmmədov vergi ödəyicilərinin elektron xidmətlərdən daha çox faydalanmaları ilə bağlı müraciət edib.
E. Məmmədov bildirib ki, yaranmış vəziyyətlə əlaqədar vergi orqanları qarşısında duran vacib məsələlərdən biri də vergi ödəyiciləri ilə lazımi səviyyədə kommunikasiyanın yaradılmasıdır: “Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, vergi ödəyicilərinə həmin mərkəzlərdə təqdim olunan bütün xidmətlər elektron formada davam etdirilir. Təqdim edilən elektron xidmətlər haqqında məlumat Vergilər Nazirliyinin rəsmi səhifəsində yerləşdirilib. Hazırda vergi ödəyiciləri tərəfindən ən çox müraciət Çağrı Mərkəzinə daxil olur. Mərkəz tərəfindən karantin dövrünə qədər zənglərin 99 faizi cavablandırılsa da, karantin dövründə zənglərin sayı kəskin artıb və bu rəqəm indi təxminən 45-50 faizə enib”.
E. Məmmədovun vergi ödəyicilərinə müraciətində Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən yararlanmaq tövsiyə olunur. Bu həm vergi orqanlarının işi, həm də vergi ödəyicilərinin təhlükəsizliyi üçün faydalıdır.
Apa