Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edərək iyulun 1-dən etibarən toy, nişan, ad günləri kimi mərasimlərin keçirilməsinə icazə verdi.
Eləcə də bax: Toylara icazə verildi: Restoranlarda qiymətlər necədir? - VİDEO
Bununla yanaşı, ictimai iaşə obyektlərinin monitorinqləri həyata keçiriləcək. Yəni 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaq. Monitorinq qrupuna Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi ilə yanaşı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) də daxildir.
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin bu məsələ ilə bağlı hansı rolunun olduğunu aydınlaşdırmaq üçün DVX-nin Baş idarə rəisinin müavini Namiq Dərgahova müraciət edilib.
N.Dərgahov bildirdi ki, DVX ilə Elektron Hökumətin informasiya məkanı arasında sıx əməkdaşlıq qurulub: "Digər dövlət qurumları ilə mübadilə birbaşa olaraq həmin məkan üzərindən həyata keçirilir. Bu gün hökumətin qəbul etdiyi qərarda bir neçə dövlət qurumunun bu sahəyə birgə nəzarətinin təşkil edilməsi nəzərdə tutulub. Bununla əlaqədar artıq müəyyən işlərin icrasına başlanılıb. Texniki məsələlərlə bağlı artıq dairə müəyyən olunub. DVX vergi ödəyicilərinin və onların uçot məlumatlarının daim aktuallığına nəzarət edir. Bunun üçün digər qurumlardan elektron informasiya mərkəzinə daxil olan məlumatların böyük rolu var. Ötən dövrlərlə müqayisədə bu il vergi nəzarəti ilə bağlı görülən tədbirlərin sayı dəfələrlə aşağı düşüb. Bu, elektronlaşmanın, qurumlararası əməkdaşlığın daha üst səviyyəyə qaldırılmasının, məlumatların vergi ödəyicisindən deyil, qurumlardan əldə olunmasının, eləcə də bu sahədə vaxtın düzgün əldə edilməsi və riskli vergi ödəyiciləri istisna olmaqla, digər ödəyici qruplarla artıq məsafədən işlərin təşkil edilməsinin nəticəsidir".
DVX rəsmisi vergi ödəyicilərinə müraciət edərək qeyd etdi ki, şənliklərin keçirilməsi sahəsində fəaliyyət göstərən məkan sahibləri mütləq qaydada bu fəaliyyət barədə öz uçot ərizə məlumatlarına diqqət etməlidirlər: "Faktiki fəaliyyətlə uçot ərizə məlumatları arasında hər hansı bir uyğunsuzluq varsa, bununla əlaqədar DVX-yə yeni ərizə forması təqdim olunmalıdır. Daha aydın olsun deyə, qeyd edim ki, vergi ödəyicisinin faktiki fəaliyyəti şadlıq evidir, amma uçot ərizə məlumatlarında digər sahə qeyd oluna bilər. Bu halda, həmin vergi ödəyicilərinin müraciəti icazə.e-gov.az portalında məhdudlaşdırılacaq. Ona görə də faktiki fəaliyyətlə uçot ərizə məlumatları tamlıq təşkil etməlidir. Bu, həm də vergi ödəyicilərinin qanunvericiliklə nəzərdə tutulan vəzifəsidir".
N.Dərgahov əlavə etdi ki, hazırda şənliklərin keçirilməsi fəaliyyəti ilə bağlı vergi ödəyicilərinə bildirişlərin hazırlanaraq göndərilməsi prosesi gedir: "Artıq bildirişin forması hazırdır. Yəqin ki, qısa zamanda, bu həftə ərzində bu fəaliyyət üzrə bütün vergi ödəyicilərinə bildirişlərin göndərilməsi, vergi orqanlarında həmin vergi ödəyiciləri ilə metodiki olaraq yaxından dəstək istiqamətində işlər həyata keçiriləcək. Nazirlər Kabinetinin qərarında subyekt kimi muzdlu işçilər və dövri əsasla bu fəaliyyətə cəlb olunan şəxslər göstərilib. Yəni vergi ödəyiciləri tək muzdlu işçilər barədə deyil, həm də mülki müqavilə əsasında cəlb olunan şəxslər barədə də məlumatı təqdim etməlidirlər.
İctimai iaşə sahəsində bu gün sabit qəbzlə fəaliyyət göstərməli olan vergi ödəyiciləri var. Bunlar dövri əsaslarla, fərdi qaydada fəaliyyət göstərən fotoqraflar, musiqiçilər, ofisiantlardır. Bizim bütün bu vergi ödəyicilərindən xahişimiz ondan ibarətdir ki, bu sahədə mütləq qaydada sabit qəbzin əldə edilib-edilməməsi məsələlərinə fərdi qaydada nəzarət eləsinlər". (Trend)