Milli Məclisdə aparılan müzakirələr və deputatların təklifləri nəticəsində Məcəlləyə təklif edilən bəzi dəyişikliklərə yenidən baxılıb və onlar dəyişdirilib.
Eləcə də bax: Vergi ödəyiciləri üçün yeni tələblər gəlir – MƏCƏLLƏYƏ DƏYİŞİKLİK
FED.az xəbər verir ki, bu barədə noyabrın 22-də bu gün Milli Məclisin «İqtisadi siyasət, sənaye və sahibkarlıq» komitəsinin geniş tərkibdə onlayn iclasında elan edilib.
İclasda parlament üzvləri ilə yanaşı, maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, hökumətin müxtəlif qurumlarının rəhbərləri və nümayəndələri, o cümlədən Dövlət Vergi Xidmətinin rəhbərliyi iştirak edib.
İclasda Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva çıxış edərək əvvəlki iclaslarda deputatların qaldırdığı məsələlərlə bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə yenidən baxıldığını açıqlayıb.
Samirə Musayeva deputatların qaldırdığı məsələlər əsasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrində edilən dəyişikliklər barədə məlumat verib.
O, bildirib ki,
1) Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə mənfəət vergisi bəyannaməsinin kameral yoxlanması ilə bağlı müddət 60 iş günü müəyyən edilib – əvvəlki təkliflərdə bu müddət 90 gün idi.
2) şəhid ailələrinə və müharibə əlillərinə göstərilən maddi yardımların gəlir vergisindən azad olunan məbləği 10 min manatdan 20 min manata qədər artırılıb,
3) “Müharibədə yaralanan” anlayışı “Müharibə iştirakçıları” termini ilə əvəz olunub – yəni vergi güzəştləri təkcə müharibədə yaralananlara deyil, bütün iştirakçılara şamil ediləcək.
4) Bundan başqa, Milli Məclisin kənd təsərrüfatı məhsullarında istehsalçıdan sonra bütün növbəti həlqələrdə tətbiqi nəzərdə tutulan ƏDV-nin yalnız məhsulun ticarət əlavəsinə görə hesablanması ilə bağlı təklifi də nəzərə alınıb.
5) “Nağdsız hesablaşmalar haqqında” Qanunda isə pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit də 4 min manat məbləğində müəyyən edilib. Xatırladaq ki, əvvəlki təkliflərdə bu məbləğ 2 min manat idi.
Yəni təklif edilirdi ki, pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində iki min manatdan artıq olan ödənişlər nağdsız qaydada satılsın. İndi isə bu məbləğ 4 min manat yüksəldilib.