“Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən əsas bloklardan biri sosial güzəştlərlə bağlıdır”.
Eləcə də bax: Məcəlləyə dəyişikliklər nəticəsində əlavə - 65 MİLYON MANAT VERGİ YIĞILACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin İdarə rəisi Nicat İmanov deyib.
O bildirib ki, Vətən müharibəsində şəhid olanların ailəsi və qazi olan şəxslərlə bağlı vergi güzəştləri təklif olunur: “Eyni zamanda ştatların ixtisarı ilə bağlı yeni vergi güzəştləri müəyyənləşir. Ölkə daxilində və ölkə xaricində müalicə haqları üçün nəzərdə tutulan vergi güzəştləri 10 min və 40 min məbləğində müvafiq olaraq artırılıb. Sosial xarakterli güzəştlərin digər istiqaməti fiziki şəxslərin sökülmüş mənzilləri lə bağlıdır. Çünki pilot layihələr çərçivəsində fiziki şəxslər bəzən fərqli ünvanda mənzillə təmin edilir. Bu halın obyektiv problem olması nəzərə alınaraq, yeni vergi güzəşti tətbiq olunacaq. Digər güzəştlər sahibkarlıq subyektlərinin təşviq edilməsi ilə bağlı addımlardır. Kənd təsərrüfatı məhsullarının istehlakdan istehsaladək ƏDV-dən azad olunması nəzərdə tutulur. Bu dəyişikliyin həyata keçirilməsi ilə yerli istehsalın təşviq edilməsi nəzərdə tutulur. Kitabların və dərsliklərin ƏDV-dən azad olunması məsələsi artıq dünən müzakirə edilib. Əsas dəyişikliklərdən biri də hibrid avtomobil vasitələrinin həm idxalı, həm satışının 3 il müddətinə vergidən azad edilməsidir. Sosial dəstək layihələrinin davamı kimi bir sıra sahibkarlıq subyektləri tərəfindən fondlara yardımlar həyata keçirilir. “YAŞAT”, Qarabağ Dirçəliş Fondu və digər fondlara edilən yardımlar üçün də sahibkarlara vergi güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur”.