2022-ci ildən Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən bir neçəsi parlamentdəki müzakirələrdən sonra qanun layihəsindən çıxarılıb.
FED.az xəbər verir ki, bunlar nağdsız alınan məhsullara görə tutulan vergilərə, eləcə də otellərə əmlak vergisi güzəştlərinə aiddir.
İki dəyişiklikdən biri sahibkarların xeyrinə, digəri zərərinə idi.
Belə ki, təklik edilən dəyişikliyə əsasən. otellər üçün əmlak vergisində 75%-lik yeni güzəştin tətbiq ediləcəkdi. Bu qayda qəbul edilsə idi, ölkənin 4 bölgəsi - Bakı Sumqayıt, Abşeron və Xırdalandan başqa, digər regionlarda otellərdən əmlak vergisi 75% azaldılacaq və bu qayda 3 il qüvvədə olacaqdı. İndi bu düzəliş təxirə salınıb.
FED.az-ın əldə etdiyi məlumata görə, hökumət bu məsələyə ümumilikdə turizm sektoruna dəstək layihəsi çərçivəsində yenidən baxacaq.
Məcəlləyə təklif olunan amma sonradan təxirə salınan digər dəyişiklik sahibkarların ziyanına idi. Belə ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə təklif edilən dəyişikliyə əsasən, vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən nağdsız qaydada alınan mallara görə verginin 2%-ən 5%-ə yüksəldilməsi nəzərdə tutulurdu.
Bura kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; əlvan və qara metal qırıntılarının qəbulu; utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; xam dərinin tədarükü, yəni alışı aiddir.
Amma sonradan parlamentdəki müzakirələr nəticəsində bu dəyişikliyin təxirə salınması qərara alınıb.