Xəbər verildiyi kimi, Vergi Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliklər çərivəsində 2023-cü ildən etibarən şəhid ailəsi üzvləri üçün yeni güzəştlər nəzərdə tutulub.
Eləcə də bax: "Azad edilmiş ərazilərdə vergi uçotuna alınacaq sahibkarlara 10 il güzəşt ediləcək"
FED.az-ın məlumatına görə, şəhid ailəsi üzvlərinin gəlirlərinin vergidən azad edilən hissəsi indiyədək mövcud olan 400 manatdan 800 manata qaldırılıb.
Nəticədə növbəti ildən etibarən şəhidlərin övladları, valideynləri və həyat yoldaşlarının aylıq gəlirinin 800 manatadək hissəsi gəlir vergisindən tam şəkildə azad olunur.
Qeyd edildiyi kimi şəhid ailələri üçün güzəşt indiyə qədər də mövcud idi, amma yenilikdən sonra şəhid ailəsi üzvlərinin gəlirləri bir qədər də artacaq.
MKS.az mühasibat portalının FED.az üçün hazırladığı hesablamada yenilikdən sonra baş verəcək dəyişikliklər misallarla izah edilib.
Misal 1.
Dövlət və ya neft-qaz sektorunda əsas iş yeri olaraq çalışan və şəhid ailəsi statusu verilmiş şəxsin dul arvadı 2022-ci ilin dekabr ayında əmək haqqısı 1 200 manat təşkil edir. Cari ilin Vergi Məcəlləsinə əsasən, işçi üzrə hesablanacaq gəlir vergisi 84 manat ((1200 manat (əmək haqqı) – 200 manat (Vergi Məcəlləsinin 102.1.6-ci maddəsinə əsasən güzəşt) – 400 manat (şəhid ailəsi olduğu üçün güzəşt) x 14 faiz (gəlir vergisinin dərəcəsi)) təşkil edəcək.
Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinin 102.1.6-ci maddəsinə uyğun olaraq, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsinə güzəşt tətbiq edilir.
Dəyişiklik təsdiq olunduğu halda, 2023-cü ilin yanvar ayında həmin işçinin gəlir vergisi 84 manat yox 28 manat ((1 200 manat (əmək haqqı) – 200 manat (Vergi Məcəlləsinin 102.1.6-ci maddəsinə əsasən güzəşt) – 800 manat (şəhid ailəsi olduğu üçün güzəşt))x x 14 faiz (gəlir vergisinin dərəcəsi)) təşkil edəcək. Misaldan göründüyü kimi, 1 200 manat məbləğində əmək haqqı alan işçinin əmək haqqısı üzrə gəlir vergisinin hesablanmasında 56 manat (84 manat (2022-ci il üzrə gəlir vergisi) – 28 manat (2023-cü il üzrə gəlir vergisi)) azalma olacaq. Yəni işçiyə həmin məbləğdə əmək haqqı alan və qeyd edilən güzəşt hüququna malik olan işçiyə ödəniləcək əmək haqqı məbləğində 56 manat artım olması gözlənilir.
İşçinin aylıq əmək haqqısı 2500 manatdan çox olduqda hesablama fərqli olmasını nəzərə alaraq, həmin halı da misalla izah edək.
Misal 2. Dövlət və ya neft-qaz sektorunda əsas iş yeri olaraq çalışan və şəhid ailəsi statusu verilmiş şəxsin övladının 2022-ci ilin dekabr ayında əmək haqqısı 3 500 manat təşkil edir. Cari ilin Vergi Məcəlləsinə əsasən, işçi üzrə hesablanacaq gəlir vergisi 500 manat ( (1000 manat (2500 manatdan çox olan hissə) – 400 manat (şəhid ailəsi olduğu üçün güzəşt) x 25 faiz + (350 manat (2500 manatın 14 faizi)) təşkil edir.
Dəyişiklik təsdiq olunduğu halda, 2023-cü ilin yanvar ayında həmin işçinin gəlir vergisi 500 manat yox 400 manat (1000 manat (2500 manatdan çox olan hissə) – 800 manat (şəhid ailəsi olduğu üçün güzəşt) x 25 faiz + (350 manat (2500 manatın 14 faizi)) təşkil edəcək. Misaldan göründüyü kimi, işçinin əmək haqqısı üzrə gəlir vergisinin hesablanmasında 100 manat (500 (2022-ci il üzrə gəlir vergisi) – 400 manat (2023-cü il üzrə gəlir vergisi)) azalma olacaq. Yəni işçiyə həmin məbləğdə əmək haqqı alan və qeyd edilən güzəşt hüququna malik olan işçiyə ödəniləcək əmək haqqı məbləğində 100 manat artım olması gözlənilir.
Bir məsələni qeyd edək ki, Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində Vergiyə cəlb edilən aylıq gəlir 8000 manatadək olduqda gəlir vergisi hesablanmır.
Dəyişiklik təsdiq olunduğu halda, şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 8000 manatdan çox olduqda 800 manatlıq güzəştin tətbiqinə ehtiyac olacaq.
Sonda bir məsələni də qeyd edək ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladları 400 manat məbləğində güzəşt hüququna malikdir. Vergi Məcəlləsinə əlavə edilməsi təklif edilən 102.1-1-ci maddədə isə şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində güzəşt nəzərdə tutulur. Dəyişiklik təsdiq olunduğu halda, 1 yanvar 2023-cü il tarixdən etibarən şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin də aylıq əmək haqqı gəlirlərinə də güzəşt tətbiq ediləcək.