Səhmdar cəmiyyətin səhmdarlarının 30 yanvar 2023-cü il tarixində keçirilmiş ümumi yığıncağının qərarı ilə 2022-ci maliyyə iliində yaranmış xalis mənfəətin dividend şəkilində bölüşdürülməsi elan edilib. Səhmdar cəmiyyəti tərəfindən dividendlərin ödənilməsi 2023-cü ilin fevralın 1-dən sonra həyata keçirilib. Belə olduqda həmin dividend gəlirləri, Vergi Məcəlləsinin 102.1.22. -ci maddəsində nəzərdə tutulmuş vergidən azadolmalar və güzəştlər emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend gəlirlərinə aiddirmi?
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinin müddəalarına əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azaddır.
Eyni zamanda Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.
Qeyd olunanlara əsasən, 2023-cü ilin fevral ayının 1-dək əvvəlki dövrlər üzrə bölüşdürülməmiş mənfəət hesabına elan edilən dividendin güzəşt müddəti bitdikdən sonra ödənilməsi zamanı Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə uyğun olaraq gəlir vergisindən azadolma tətbiq edilir.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilib.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 102-ci maddələri.