Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci tarixli Fərmanı ilə “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilib.
Vergi Məcəlləsində sığortalanmış əsas vəsaitlərlə bağlı dəyişiklik edilib - VİDEO
FED.az xəbər verir ki, əsasnamə ilə sistem inteqrasiyası və proqram təminatının inkişafı ilə məğul olan texnologiyalar parkının rezidentinə Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda bir sıra güzəştlər müəyyənləşdirilib. Nümunəvi Əsasnaməyə daxil edilən yeni anlayışları, rezidentlərə verilən güzəştləri iqtisadçı ekspert Mahmud Abasquliyev açıqlayıb.
Əsasnaməyə yeni “sistem inteqrasiyası” anlayışı daxil edilib:
Sistem inteqrasiyası – vahid bir sistem kimi fəaliyyət göstərməsi məqsədilə bir və ya bir neçə avadanlığın fəaliyyətini əlaqələndirən və (və ya) təmin edən proqram təminatının hazırlanması və tətbiqi prosesi.
Əsasnamənin 9-1.1-ci bəndində göstərilib ki, sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət açağıda göstərilən istiqamətləri əhatə edir.
Sistem inteqrasiyası üzrə:
– qurğu və avadanlıqların, o cümlədən kompüter sistemlərinin və əlaqəli komponentlərin istehsalı, həmin məhsulların iş (xidmət) proseslərinə inteqrasiyası və tətbiqi;
– texnoloji qurğu və avadanlıqların, o cümlədən kompüter sistemlərinin və əlaqəli komponentlərin iş (xidmət) proseslərinə inteqrasiyası və tətbiqi;
– proqram təminatının inkişafı – proqramların, çərçivələrin və ya proqram komponentlərinin layihələndirilməsi, sənədləşdirilməsi, yaradılması və saxlanılması prosesi.
Proqram təminatının hazırlanması və inkişafı üzrə:
– proqram təminatının (o cümlədən informasiya texnologiyaları, sistemləri, ehtiyatları, informasiyanın mühafizə vasitələri və tətbiqlər üçün) hazırlanması, yaradılması, o cümlədən proqram kodlarının yazılması;
– proqram təminatının (o cümlədən informasiya texnologiyaları, sistemləri, ehtiyatları, informasiyanın mühafizə vasitələri və tətbiqlər üçün) iş (xidmət) proseslərinə tətbiqi.
Əsasnamənin 9-1.2-ci bəndinə əsasən, texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:
– hüquqi şəxs olduqda – hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatda olmalı;
– fiziki şəxs olduqda – vergi uçotuna alınmalı;
– kiçik, orta və ya iri sahibkarlıq subyektlərindən birinə aid edilməli;
– vergilərin və digər icbari ödənişlərin ödənilməsi ilə bağlı borcu olmamalı;
– müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün qanunla nəzərdə tutulan müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
– müflis elan olunmamalı, əmlakı üzərinə həbs qoyulmamalı və ödənişə yönəlmiş girovu olmamalı;
– məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müvafiq fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməməli;
– bu Əsasnamənin 9-1.1-ci bəndində qeyd edilən sahələrdə ən azı 1 (bir) il fəaliyyət göstərməli;
– fəaliyyət göstərdiyi dövr ərzində ən azı 1 (bir) məhsulu tətbiq edilməli (reallaşdırılmalı), o cümlədən satılmalı;
– informasiya kommunikasiya texnologiyaları sahəsində təhsil almış, o cümlədən əlavə təhsil müəssisələrini bitirmiş və ya ən azı 1 (bir) il iş təcrübəsi olan mütəxəssislərə malik olmalı.
Əsasnamənin 9-1.3-cü bəndinə görə, sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər vergi orqanında qeydiyyata (uçota) alındıqdan sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək texnologiyalar parkının rezidenti olaraq qeydiyyatdan keçməli və texnoparkın qeydiyyat şəhadətnaməsini almalıdırlar.
Əsasnamənin 9-1.4-cü bəndində isə göstərilib ki, hüquqi və fiziki şəxslərin sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərmək üçün qeydiyyatı ilə bağlı qərarın qəbul edilməsi üzrə icraat “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin 9-1.5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş dövlət dəstəyi tədbirlərindən istifadə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərin müraciətlərinin qəbulu və cavablandırılması elektron qaydada Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Hüquqi və fiziki şəxslərin bu Əsasnamənin 9-1.2-ci bəndində qeyd edilən tələblərə uyğunluğu “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla aidiyyəti dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə olunan məlumatlar əsasında yoxlanılır.
Bu Əsasnamənin 9-1.2-ci bəndində qeyd edilən tələblərə cavab verməyən hüquqi və fiziki şəxslərə texnologiyalar parkının rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsindən imtina edilir. İmtinaya səbəb olan hallar (bu Əsasnamənin 9-1.2.7-ci yarımbəndində qeyd edilən hal istisna olmaqla) tam aradan qaldırıldıqdan sonra hüquqi və fiziki şəxslər təkrar müraciət etmək hüququna malikdirlər.
Gömrük Məcəlləsinin 20.0.19-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yaradılan sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 10 il müddətinə gömrük rüsumlarından azaddırlar.
Texnologiyalar parkının rezidentlərinə vergi ödənişlərində də güzəştlər verilib. Vergi Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, bu maddənin digər müddəalarından asılı olmayaraq, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə etdikləri aylıq gəlirlərdən gəlir vergisi aşağıdakı qaydada tutulur:
– 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8.000 manatadək olduqda 0 faiz, 8.000 manatdan çox olan məbləğin 5 faizi;
– 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi.
Misal 1: Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicisinin işçisi 2023-cü ilin aprel ayında 9.000 manat əməkhaqqı alır. Onun ödəyəcəyi gəlir vergisi:
9.000 – 8.000 = 1.000 manat;
1.000 x 5% = 50 manat.
Vergi Məcəlləsinin 102.1.21-ci maddəsinə əsasən, bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirləri texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə gəlir vergisindən azaddır.
Məcəllənin 106.1.13-cü maddəsində isə göstərilib ki, bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirləri texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə gəlir vergisindən azaddır.
Vergi Məcəlləsinin 122.5-ci maddəsinə görə, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividenddən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə ödəmə mənbəyində vergi tutulmur.
Məcəllənin 199.7-ci maddəsinə əsasən, bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə əmlak vergisindən azaddır.
Vergi Məcəlləsinin 207.3-cü maddəsində isə göstərilib ki, bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə torpaq vergisindən azaddır.
“Sosial sığorta haqqında” qanunun 14.8.-ci maddəsinə əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən bu Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq ödənilir.
Bu maddədə nəzərdə tutulan sığortaolunan hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. Təqvim ili ərzində qeyd edilən kateqoriyadan olan yeni işəgötürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə göstərdiyi seçim tətbiq edilir.
Misal 2: Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicisinin əməkdaşı 2023-cü ilin aprel ayında 9.000 manat əməkhaqqı alır. Onun müraciət edərək öz əməkhaqqından MDSS üzrə tutulmanın büdcə sektoru və ya qeyri-büdcə sektoru üzrə hesablanmasını tələb etmək hüquqi vardır. İşçi hər ilin əvvəlində yanvar ayının 15-dək illik MDSS hesablanmasına görə rəhbərliyə müraciət etməlidir. Seçim etdikdən sonra hesablama 1 il qüvvədə qalır və işçi hər il müraciətini yeniləyərək seçimini dəyişə bilər.
Büdcə sektoru üzrə MDSS-nin hesablanması:
Sığortaedən = 9.000 x 22% = 1.980 manat
Sığortaolunan= 9.000 x 3% = 270 manat (işçinin əməkhaqqından tutulur)
Qeyri-büdcə sektoru üzrə MDSS-nin hesablanması:
Sığortaedən = (200 x 22%) + (9.000 – 200) x 15% = 1.364 manat
Sığortaolunan = (200 x 3%) + (9.000 – 200) x 10% = 886 manat (işçinin əmək haqqından tutulur).