İndiyədək 42 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Sahibkarlıq subyektlərinin fəaliyyət istiqamətləri əsasən maliyyə texnologiyaları, logistika xidməti, elektron ticarət, innovativ həlləri özündə ehtiva edən onlayn platformalar və mobil tətbiqlərdir. Şəhadətnamə almış sahibkarlıq subyektlərinin 4-ü istehsal sahəsində fəaliyyət göstərir.
Eləcə də bax: "250 min dollar investisiya yatırmışıq, indi dəyəri 23 milyon dollardır"
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov məlumat verib.
Z.Qardaşov bildirib ki, “Startap” şəhadətnaməsinin alınması ilə bağlı müraciətlərin qəbuluna 2021-ci ilin may ayından başlanılıb. Bugünədək sözügedən dəstək mexanizmindən istifadə etmək üçün KOBİA-ya 97 müraciət daxil olub. “Startap” şəhadətnaməsi mikro və kiçik sahibkarlıq subyektlərini 3 il ərzində innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad etməklə yanaşı, sözügedən dəstəkdən yararlanan sahibkarların ekosistemdə tanınmasına və daha geniş arenada investorların cəlb olunmasına şərait yaradır. KOB subyektləri, xüsusilə startaplar arasında “Startap” şəhadətnaməsinə maraq böyükdür: “Startap” şəhadətnaməsi almaq istəyən mikro və kiçik sahibkarlar KOBİA-ya yazılı və ya elektron formada ([email protected]) müraciət edə bilərlər. Agentliyə daxil olmuş ərizə dərhal qeydiyyata alınır, müraciətə və ona əlavə edilmiş sənədlərə ümumilikdə 30 gün müddətində baxılır və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim olunur. Ekspertlər Şurasının rəyi əsasında agentlik “Startap” şəhadətnaməsinin verilməsi və ya verilməsindən imtina ilə bağlı qərar qəbul edir. Ekspertlər Şurasında İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri təmsil olunurlar. Şurada, həmçinin müstəqil ekspertlər də var”, -deyə KOBİA rəsmisi vurğulayıb.