Azərbaycana xaricdən gətirilən siqaret, tütün məmulatları, qəlyan və onun üçün məmulatlar, eləcə də elektron siqaretlər üçün rüsumlar və aksiz vergiləri artırılıb.
FED.az xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov iki qərara dəyişikliyi təsdiqləyib.
Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişikliklər edilib.
Qərara əsasən aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədəd üçün aksiz vergisi 43,0 manatdan 46,5 manata qaldırılıb.
Eyni zamanda istehlak olunan tütün və tütün məhsullarının 1 000 ədəd üçün aksiz vergisi 12,9 manatdan 14 manata qaldırılıb.
Dəyişikliklərə əsasən qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin 1 kiloqramına görə 30 manat aksiz vergisi müəyyən edilib.
Dəyişikiklərlə həmçinin birdəfəlik istifadə olunan elektron qəlyan, siqaret üçün aksiz dərəcəsi 0,25 manat müəyyən olunub.
Qərar dərc edildiyi gündən 30 gün sonra, yəni aprelin 14-dən qüvvəyə minəcək.
Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişikliyə əsasən isə qəlyan üçün tütün əvəzləyicilərinin hər kiloqramına 1 ABŞ dollarv aksiz müəyyən edilib.
birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə isə 15 dollar gömrük rüsumu tətbiq edilib.