Azərbaycanda mədəniyyət obyektlərinə gedənlər üçün böyük güzəşt başlayır.
FED.az xəbər verir ki, 2025-ci ildən etibarən ölkədə teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və sinfonik orkestrin konserti ilə bağlı ödənilən ƏDV-nin 50 %-i geri qaytarılacaq.
Bu yenilik Vergi Məcəlləsində edilmiş və bu ilidən qüvvəyə minmiş dəyişikliklərdə nəzərdə tutulub.
Məcəllənin 165-ci maddəsinə edilən dəyişikliyə əsasən, ƏDV-nin geri qaytarılması mədəniyyət müəssisələri üçün ayrıca rejimdə baş verəcək.
İndiyədək bütün obyektlərdə ƏDV-nin geri qaytarılan hissəsi 5% və 17,5% arasında dəyişirdi. Belə ki, nağd ödənişdə 5%, kartla ödənişdə 17,5% ƏDV geri qaytarılır.
Mədəniyyət müəssisələri üçün isə bu güzəşt daha böyük olacaq – film, muzey, simfonik konsert və teatra gedərkən ödənilən bilet puluna hesablanmış ƏDV-nin 50%-i geri qaytarılacaq.
Amma bu yenilik yanvarın 1-dən deyil, ilin ikinci yarısından etibarən, iyulun 1-dən qüvvəyə minəcək. Bu vaxt ərzində muzey və digər mədəniyyət müəssisələri kassa çeklərini lazımi tələblərə cavab verən hada gətirməlidirlər.
Vergi Məcəlləsinə sözügedən maddənin yeni mətni belədir:
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə qaytarılan məbləğ yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Bu dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə minir.