Məlum olduğu kimi, Azərbaycanda sənaye, xüsusilə qeyri-neft sektorunda ən sürətli artım nümayiş etdirir. Ümumiyyətlə hazırda ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının artırılması sənayeləşmə yolu ilə həyata keçirilir.
Mülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu?
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, sənaye sahəsinə dəstək vermək üçün ayrıca sənaye parkları yaradılıb, burada sahibkarlara texniki və infrastrkutur imkanları yaradılıb, eyni zamanda bu sahəyə geniş vergi güzəştləri tətbiq edilir.
Belə ki, sənaye parklarının rezidentləri üçün əmlak vergisi, torpaq vergisi, gəlir və mənfəət vergisi, o cümlədən ƏDV üzrə güzəştlər mövcuddur.
Sahibkarlar bu imkanlardan yararldana bilərlər, amma bunun üçün bəzi qaydalara əməl etmək lazımdır.
Sənaye və texnologiyalar parkının rezidenti üçün mövcud güzəşt mexanizmi
Qanuna görə, sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan sahibkarların və şirkətlərin burada (yəni sənaye-texnologiyalar parkındakı) fəaliyyətdən əldə etdikləri gəlir - qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə müvafiq olaraq gəlir vergisindən və mənfəət vergisindən azaddır.
Bu güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən fərdi sahibkarların və hüquqi şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirə münasibətdə də tətbiq edilir.
Vergi Məcəlləsində bu güzəştlərdən faydalanmaq 2 əsas şərt qeyd edilib.
Bunlardan birincisi odur ki, vergi ödəyicisi sənaye və texnologiyalar parkında qeydiyyata alınmalı və nəticədə həmin parkın rezidenti olmalıdır. İkinci şərt isə odur ki, vergi ödəyicisinin sənaye və texnologiyalar parkında fəaliyyəti olmalı və həmin fəaliyyətdən gəlir əldə etməlidir.
Yəni, şəxsin sənaye və texnologiyalar parkında (habelə texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi üzrə) fəaliyyət göstərməsi onun sənaye və texnologiyalar parkında qeydiyyata alınması və qeydiyyat şəhadətnaməsini əldə etməsi ilə mümkün olur.
Rezidentlik statusu olmayan şəxslərin həyata keçirdiyi fəaliyyətlər isə sənaye və texnologiyalar parkında göstərilən fəaliyyət sayılmır.
Beləliklə, sənaye və texnologiyalar parkının rezidenti olan şəxslər, habelə texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərə müvafiq vergi güzəşti, həmin şəxslərin məhz sənaye və texnologiyalar parkının rezidentliyi əldə edildikdən sonrakı tarixdə həyata keçirilən fəaliyyət üzrə əldə etdiyi gəlirlərə tətbiq edilir.
Güzəştin tətbiqi rezidentlik əldə edildiyi zaman başlayır
Sənaye və texnologiyalar parkının rezidenti olan şəxslər üçün müvafiq vergi güzəşti həmin şəxslərin rezident kimi sənaye və texnologiyalar parkında göstərdiyi fəaliyyətdən, texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərin həmin fəaliyyətdən əldə etdiyi gəlirlərə münasibətdə tətbiq edilir.
Əsas məqamlardan biri odur ki, bu güzəştlər sənaye və texnologiyalar parkının rezidentliyi əldə edildikdən sonra qüvvəyə minir. Yəni rezident olduqları tarixdən əvvəl vergi ödəyicilərinin fəaliyyəti sənaye və texnologiyalar parkı ilə əlaqədar fəaliyyət hesab edilmir və həmin fəaliyyət üzrə gəlirlərə sözügedən güzəştin tətbiq edilmir – bu Vergi Məcəlləsində nəzərdə tutulmayıb.
Başqa sözlə, sənaye və texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlara Vergi Məcəlləsi ilə nəzərdə tutulan mənfəət vergisi və gəlir vergisi üzrə güzəştlər - vergi ödəyicisinin sənaye və texnologiyalar parkının rezidenti olduğu tarixdən (qeydiyyat şəhadətnaməsinin alındığı tarixdən) başlayaraq vergi güzəştinin tətbiq olunduğu dövrün başa çatacağı tarixədək qüvvədə olur.
Bu zaman hesabat ilinin əvvəlindən başlayaraq vergi ödəyicisinin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixədək, habelə vergi güzəştinin tətbiq olunduğu dövrün başa çatdığı tarixdən həmin hesabat ilinin sonunadək əldə edilən gəlirlər ümumi qaydada vergiyə cəlb olunur.










