Mən 2020-ci ilin iyun ayında İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ilə yaşayış sahəsinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə əlaqədar müqavilə bağlamışam. İKZF ilə əlaqə saxlayaraq ƏDV-nin geri qaytarılması üçün müraciət etsəm də, müraciətimə müsbət cavab ala bilməmişəm. Bu nə dərəcədə düzgündür?
Adamlar bir-birinə mənzil alıb satanda - ƏDV GERİ ÖDƏNİLİRMİ? - RƏSMİ AÇIQLAMA
FED.az Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Qaydaya əsasən, satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmalıdır.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmadığı üçün ƏDV-nin geri qaytarılması mümkün deyil.
Belə ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə və müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir.
Məlumat üçün bildiririk ki, 2023-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 164.1.10-1-ci maddəsinə əsasən, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi vergini ödəməkdən azad edilmişdir. Qeyd olunan azadolma 2023-cü ilin yanvarın 1-dən sonra kirayəçilərə təqdim edilən yaşayış sahələrinə münasibətdə tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 164.1.10-1-ci, 165.6-cı maddələri və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.