Son günlər 250-dən çox pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsinə görə sahibkarlara maliyyə sanksiyaları tətbiq edilib. Maliyyə sanksiyalarına görə bir çox sahibkar narazılıqlarını ifadə edib.
Pərakəndə ticarət obyektində POS-terminal quraşdırılması zəruridirmi?
FED.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov açıqlama verib.
Nicat İmanov qeyd edib ki, maliyyə sanksiyaları ticarət və iaşə obyektlərində nağd pul hesablaşmaları qaydalarının pozulması və POS-terminalların quraşdırılmaması ilə bağlı həyata keçirilir. Vergi ödəyicilərinin bu prosesə narazılıq etməsinin əsas səbəbi əldə etdikləri gəlirləri rəsmiləşdirməkdən yayınmalarıdır.
Mikro sahibkarlar əsasən dövriyyələrindən 2% dərəcə ilə sadələşmiş vergi ödəyir. Bu kifayət qədər aşağı vergi dərəcəsidir. Nəzərə alaq ki, sadələşmiş verginin dərəcələri 4%-dən 2%-ə endirilib. Vergi dərəcələrinin endirilməsi müqabilində sahibkarlardan şəffaflıq tələb edilir. Eyni zamanda vergi ödəyiciləri apardığı əməliyyatları kassa çekləri ilə rəsmiləşdirməlidirlər. Təəssüflər olsun ki, çox vaxt sahibkar kart tu kart əməliyyatlarından istifadə edirlər. Təbii ki bu kartlar sahibkarların özlərinə məxsus debet kartlarıdır və bununla da vergidən yayınma halları baş verir.
Dövlət Vergi Xidməti vergidən yayınan şəxslərə qarşı sərt mübarizə aparacağını artıq bir neçə ildir ki, elan edib. Vergi yükünün aşağı salınmasına adekvat olaraq nəzarət tədbirləri sərtləşdirilib.
“Mən ümüd edirəm ki, qanundan yayınan sahibkarlar bu pozuntulara təkrar yol verməyəcəklər” - deyə baş idarə rəisi əlavə edib.
Xatırladaq ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, ikinci dəfə yol verildikdə 3.000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur. (Apa)