Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınma ehtimalının minimuma endirilməsinə və vergi nəzarətinin gücləndirilməsinə mühüm töhfə verib.
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən forumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həyata keçirilən islahatlar Azərbaycan iqtisadiyyatının inkişafına, dövlətin maliyyə təminatının artmasına və ölkənin beynəlxalq ticarətdəki mövqeyinin güclənməsinə şərait yaradır: "Vergi xidmətinin qarşısında duran vəzifələr uğurla icra olunur və bu prosesdə beynəlxalq təcrübə əsasında hazırlanmış müasir xidmətlər, sahibkarlara dəstək tədbirləri, rəqəmsallaşma və şəffaflıq prinsipləri xüsusi rol oynayır".
Ş. Bağırov bu tədbirlərin dövlət büdcəsinin formalaşmasına, vergi gəlirlərinin artmasına, sahibkarlığın inkişafına və investisiya mühitinin yaxşılaşdırılmasına müsbət təsir göstərdiyini bildirib.
"Vergilərdən yayınma hallarına qarşı mübarizə, beynəlxalq vergi tutma tədbirlərinin təkmilləşdirilməsi sahəsində aparılan islahatlar, Azərbaycanda vergi sisteminin müasirləşdirilməsi, qlobal iqtisadiyyata inteqrasiyası və beynəlxalq ticarətin təşviqini stimullaşdırır. İqtisadi təhlükəsizliyimizə ciddi təhdid yaradan kölgə iqtisadiyyatının qarşısının alınması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşması istiqamətində atılan təqdirəlayiq addımları xüsusilə qeyd etmək lazımdır”, – deyə o vurğulayıb.
DGK-nın sədri bildirib ki, “Vacib sahələrdən biri də qurumlararası qarşılıqlı fəaliyyətdir. Qeyd etmək istərdim ki, Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti arasında əməkdaşlıq ölkəmizin iqtisadi inkişafına və xarici ticarət dövriyyəsi üzrə əməliyyatların düzgünlüyünün təmin olunmasına təsir göstərən çox vacib amillərdən biridir. Bu sahədə əsas addımlardan biri gömrük bəyannamələri barədə məlumatların elektron mübadiləsinin təmin edilməsidir. Dövlət Gömrük Komitəsi tərəfindən bəyannamə məlumatlarının dövlət vergi xidmətinə ötürülməsi prosesi tamamilə rəqəmsallaşmış və real vaxt rejimində həyata keçirilməsi davamlı olaraq təmin edilir.". (Report)