Dayandırılmış sahibkarlıq fəaliyyətimin 07.01.2025-ci il tarixindən avtomatik olaraq aktivləşəcəyi haqqında mənə məktub gəlib. Mən isə fəaliyyətimin aktivləşməsini istəmirəm. Bunun üçün hansı sənədlərlə və hara müraciət etməliyəm?
Fiziki şəxsin vergi uçotundan çıxarılması prosesi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən (https://www.taxes.gov.az/az/page/fiziki-sexsin-legv-edilmesi-ile-elaqedar-yerine-yetirilmeli-olan-prosedurlar) əldə edə bilərsiniz.
Sorğuya cavab olaraq isə bildiririk ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.