Azərbaycanda iş adamları və kiçik biznes üçün mühüm yeniliklər gözlənilir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, vergi sahəsində sahibkarlara problem yaradan və çoxsaylı narazılıqlara səbəb olan halların dəyişdirilməsi planlaşırılır.
Əsas yenilik sadələşdirilmiş vergi üzrə dövriyyə limitinin artırılmasına aiddir.
Dövlət Vergi Xidmətində İqtisadi Şuranın Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrupunun Vergi altqrupunun koordinasiya qrupu nümayəndələri ilə görüş keçirilib.
Xidmətin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov görüş iştirakçılarına vergi inzibatçılığında bir sıra istiqamətlərdə aparılan müvafiq təkmilləşdirilmə işləri ilə bağlı geniş məlumat verib, vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə ödənişlərin real vaxt rejimində işlənməsi istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilən tədbirlər, sərəncamların tətbiqi ilə bağlı icra olunan pilot layihə barədə yenilikləri diqqətə çatdırıb.
Görüş zamanı Koordinasiya qrupu biznes nümayəndələrindən toplanılan ümumiləşdirilmiş hər bir təklif üzrə müzakirələr aparıb.
Sahibkarlar üçün ən mühüm məsələlərdən biri sadələşdirilmiş vergi üzrə dövriyyə limitinin artırılması barədə təklifdir. Xatırladaq ki, təqrbən 10 il əvvəl tətbiq edilmiş qaydaya əsasən sadələşdirilmiş vergi ödəyiciləri üçün dövriyyə limiti ildə 200 min manatdır. Hazırki təkliflər limitin daha da artırılmasını nəzərdə tutur.
Bundan başqa, mikro sahibkarlara verilən güzəştlər, kənd təsərrüfatı məhsullarından hazırlanan məhsullara və təkrar bazar əməliyyatlarına ƏDV-nin ticarət əlavəsinə tətbiq edilməsi təklif edilir.
Digər tərəfdən, vergi inzibatçılığı və şikayətlərə dair təkliflər çərçivəsində kameral vergi yoxlamaları nəticəsində bank hesablarına sərəncam qoyulması təcrübəsinin təkmilləşdirilməsi kimi təkliflər səsləndirilib. Qeyd edək ki, bank hesablarına sərəncam qoyulması vergi ödəyiciləri üçün əsas problemlərdəndir. Hazırda məbləğindən asılı olmayaraq vergi borcuna görə, vergi ödəyicisinin bütün hesablarına sərəncam qoyulur və bu da biznesin fəaliyyətinə mənfi təsir edir.
Digər maraqlı təklif riskli vergi ödəyicisi statusunun tətbiqi, şikayətlərə baxılma müddətlərinin qısaldılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsidir.
Bu təklifin əhəmiyyəti ondan ibarətdir ki, hazırda «riskli vergi ödəyicisi» anlayışı çoxsaylı vergi ödəyicilərinin problemlə üzləşməsinə səbəb olur. Hətta rəsmi olaraq riskli vergi ödəyicisi olmadığı dövrdə sahibkarlarla əməliyyat aparan digər sahibkarlar da geri tarixlə riskli vergi ödəyicisi siyahısına daxil edilir. Hazırda bununla bağlı çoxsaylı məhkəmə prosesləri mövcuddur.
İndi isə görünür, Dövlət Vergi Xidmətində bu problemin həlli üçün ciddi işlər başlayıb.







![[red]Sahibkarlar üçün mühüm yenilik: Sadələşdirilmiş vergi limiti artırılacaq – [red]HAZIRDA 200 MİN MANATDIR[/red] [/red] | FED.az](upload/news/small/3085326.jpg)
![[red]Sahibkarlar üçün mühüm yenilik: Sadələşdirilmiş vergi limiti artırılacaq – [red]HAZIRDA 200 MİN MANATDIR[/red] [/red] | FED.az](upload/news/small/572365.jpeg)
![[red]Sahibkarlar üçün mühüm yenilik: Sadələşdirilmiş vergi limiti artırılacaq – [red]HAZIRDA 200 MİN MANATDIR[/red] [/red] | FED.az](upload/news/small/3023372.jpeg)









