Sahibkarlar qablaşdırma sənayesi üzrə mənfəət vergisi yükünün optimallaşdırılması təşəbbüsü ilə çıxış ediblər.
Təcili: Azərbaycanda ən çox vergi ödəyən - 100 ŞİRKƏT AÇIQLANDI – TAM SİYAHI
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) FED.az biznes və maliyyə xəbərləri portalına bildirilib ki, DVX sahibkarlıq subyektlərinin qarşılaşdığı çətinliklərin operativ öyrənilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində müxtəlif assosiasiyalarla silsilə görüşlərini davam etdirir. Növbəti belə görüş DVX-nin Vergi siyasəti baş idarəsinin nümayəndələri ilə Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyasının üzvləri arasında baş tutub.
Görüş zamanı dövlət-biznes dialoqunun əhəmiyyəti vurğulanıb, DVX-nin özəl sektorla sıx əməkdaşlığa xüsusi önəm verdiyi, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi prosesində sahibkarların rəy və təkliflərinin mütəmadi olaraq dinlənildiyi diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən assosiasiya üzvləri idxal – ixrac əməliyyatları zamanı qarşılaşdıqları məsələlərə diqqət çəkib, sahənin inkişafı və daxili istehsalın dəstəklənməsi ilə bağlı təkliflərini irəli sürüblər. Sahibkarlar qlobal amillərin təsiri nəticəsində xammalın qiymətində və logistika xərclərində yaranan artımları əsas gətirərək qablaşdırma sənayesi üzrə mənfəət vergisi yükünün optimallaşdırılması təşəbbüsü ilə çıxış ediblər.
Yekunda sahibkarlar tərəfindən qaldırılan məsələlərin ətraflı təhlil ediləcəyi və həlli istiqamətində digər dövlət qurumları ilə koordinasiyalı şəkildə zəruri addımlar atılacağı vurğulanıb.













