VÖEN açdırmışam və göstərdiyim xidmətlərin qarşılığında xaricdən cari hesabıma pul vəsaiti göndərilir. İki sualım var: 1) Neçə faiz vergi ödəməliyəm? 2) Həmin məbləğ üçün vergi tutulmayan limit nəzərdə tutulurmu?
Fərdi sahibkar hansı halda sadələşdirilmiş vergi metodunu - TƏTBİQ EDƏ BİLƏR?
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyd etdiyiniz fəaliyyəti həyata keçirən şəxs fəaliyyətə başladığı günədək yaşadığı ərazi üzrə vergi uçotuna alınmalıdır.
Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.
Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.
O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.
Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın dəyərinin 18 faizidir.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 102.1.30-cu, 155-ci, 218.5.10-cu, 218.6.2-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.