Son dəyişikliklərə əsasən, Vergi Məcəlləsinə "riskli vergi ödəyicisi" və "əmtəəsiz əməliyyyatlar" anlayışları daxil edilib.
Eləcə də bax: Riskli vergi ödəyicilərinə - NƏZARƏT GÜCLƏNDİRİLƏCƏK - VERGİLƏRLƏ MÜSAHİBƏ
Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
Əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.
FED.az məlumat verir ki, yeni anlayışları şərh edən maliyyə üzrə ekspert Ramin Ramazanov bu dəyişikliyin əsas səbəbinin əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinə və vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi olduğunu deyib. Riskli vergi ödəyiciləri əmtəəsiz əməliyyat aparanlar, yəni ixdal etmədiyi və ya almadığı malları satan, heç bir maddi-texniki vəsaiti və əməkdaşları olmadan iş görən, bir malı alıb, amma başqa adlı bir malı satan vergi ödəyiciləridir.
Ekspert əlavə edib ki, riskli vergi ödəyiciləri üçün qanunvericilikdə yeddi "fərqlilik" nəzərdə tutulub:
1. Riskli vergi ödəyicilərini hamı tanıyacaq. Çünki Vergi Məcəlləsinin 30.2.9 maddəsinə əsasən, həmin vergi ödəyiciləri barədə məlumatlar kommersiya sirri hesab olunmur.
2. Bu əməliyyatlar çərçivəsində əldə edilmiş sənədləri Vergi Məcəlləsinin 109.9 maddəsinə əsasən, gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir.
3. Məcəllənin 175.11 maddəsinə əsasən, qarşı tərəfdən bu əməliyyatlar üzrə ödənilmiş ƏDV əvəzləşdirilmir.
4. Vergi Məcəlləsinin 38.3.8-1 və 50.2.5 maddələrinə görə, həmin vergi ödəyiciləri üçün növbədənkənar səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti keçirilir.
5. Riskli vergi ödəyicilərinin artıq vergi ödəmələri barədə müraciəti onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir (Vergi Məcəlləsinin 87.3-1 və 179.4-cü maddələri).
6. Məcəllənin 85.8 maddəsinə əsasən, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilmir.
7. Vergi Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, vergi orqanı ona yazılı bildiriş göndərməklə, eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilir.
R.Ramazanov vurğulayıb ki, əslində qanunvericilikdə belə bir dəyişikliyin edilməsi, digər vergi ödəyicilərinin riskli vergi ödəyiciləri ilə əməkdaşlığının qarşısını almağa yönəlib: "Elektron kargüzarlığa daxil olarkən belə şirkətlərlə bağlı xəbərdarlıq görünür və xidməti almaq istəyən vergi ödəyicisi ziyanin yarısından qayıda bilir, risk qrupuna düşmür.
Riskli vergi ödəyicilərinin siyahısı Vergilər Nazirliyinin internet saytında açıqlanacaq. Hər bir vergi ödəyicisi digər vergi ödəyicisi ilə müqavilə bağlayarkən onun bu siyahıda olub-olmadığını biləcək.