Nazirlər Kabineti “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” 2020-ci il 28 iyul tarixli Qərarında dəyişiklik edilməsi barədə” Qərar qəbul edib.
Hökumətdən yeni qərar: Riskli vergi ödəyiciləri üçün nə dəyişdi? – MÜSAHİBƏ, MÜQAYİSƏ
FED.az Vergi Xidmətinə istinadən xəbər verir ki, yeni redaksiyada təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin təsdiq edilməsi haqqında” Qərar Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun hazırlanıb və vergi ödəyicisinin risk meyarlarını, riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müəyyən edir.
Yeni qaydalara əsasən, vergi ödəyicisinin riskli hesab olunması ilə bağlı meyarların sayı azaldılıb, həmçinin vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması meyarları və qaydaları da müəyyənləşdirilib.
Beləliklə, vergi ödəyicisi bundan sonra yalnız aşağıdakı 3 halda riskli hesab olunacaq:
• Təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxslər;
• Qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal mallarına münasibətdə) əsasında əldə olunmayan malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş və rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxslər;
• Əmtəəsiz əməliyyatlar (Vergi Məcəlləsinin 13.2.81-ci maddəsi) aparan şəxslər.
Qaydalara əsasən, riskli vergi ödəyiciləri aşağıdakı hallarda riskli ödəyicilər siyahısından çıxarılacaq:
• Vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiqləyən məlumat və sənədlər, xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının müvafiq sənədləri və ya məlumatları ilə əməliyyatların riskli sayılmasına əsas yaradan halın olmadığı aşkar edildikdə (Vergi ödəyiciləri müvafiq təsdiqedici sənədləri təqdim etdiyi halda, riskli vergi ödəyicilərin siyahısından çıxarılacaq);
• Aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə (Vergi ödəyiciləri əmtəəsiz əməliyyatlar apardığı hallarda riskli vergi ödəyicisi hesab olunur və müvafiq maliyyə sanksiyalarına məruz qalırlar. Yeni dəyişikliyə görə, maliyyə sanksiyası ödənildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi siyahısından çıxarılacaq).
Vergi ödəyicisi qeyd olunan şərtlərə əməl etdikdə, müvafiq ərizə ilə vergi orqanına müraciət edir. Ərizə daxil olduğu tarixdən etibarən 20 iş günü ərzində vergi orqanı tərəfindən baxılaraq vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması və ya bundan imtina olunması barədə qərar qəbul edilir. Qərar 1 iş günü müddətində vergi ödəyicisinin elektron kabinetinə göndərilir.
Maliyyə sanksiyası ödənildikdə ərizənin daxil olduğu tarixdən 3 iş günü ərzində vergi ödəyicisinin aparılmış əməliyyat üzrə riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə qərar qəbul edilir. Qərar 1 iş günü müddətində vergi ödəyicisinin elektron kabinetinə göndərilir.
Göstərilən tələblərə tam və ya qismən əməl edilməməsi aparılmış əməliyyat üzrə vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması ilə bağlı müraciətinə imtina edilməsi üçün əsasdır.