Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergiödəyicisinin riskli vergiödəyicisi olması onun fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarətinin keçirilməsi üçün əsas yaradır.
Eləcə də bax: "Riskli vergi ödəyicilərinə Vergi Məcəlləsində məhdudlaşdırmalar nəzərdə tutulur"
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, vergiödəyicisi riskli vergiödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Həmçinin Vergi Məcəlləsinə əsasən, riskli vergiödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, bu maddə ilə müəyyən olunmuş müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.
Bundan əlavə, Vergi Məcəlləsinin müddəalarına əsasən, vergiödəyicisi riskli vergiödəyicisi olduğu halda, vergi orqanı vergiödəyicisinə yazılı bildiriş göndərməklə, eyni zamanda, ondan vergi öhdəliyini dərhal yerinə yetirməyi tələb edə bilər.