Azərbaycanda karbon qiymətqoyma ilə bağlı həm mitiqasiya, həm də adaptasiya çərçivəsində işlər aparılır.
"Azərbaycanda iqlim hədəflərinə dəstək verən sənayelərə vergi güzəştləri kifayət qədərdir"
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 4-cü günündə bildirib.
"Mitiqasiya çərçivəsində istixana qazlarının azaldılması, adaptasiya çərçivəsində isə iqtisadiyyatımızın uyğunlaşdırılması, dəyişikliklərə adaptasiya edilməsi nəzərdə tutulur. Mitiqasiya nöqteyi-nəzərindən Azərbaycan artıq emissiyaların azaldılmasını və "yaşıl iqtisadiyyat"a keçidi öhdəlik götürüb. Biz bu istiqamətdə aktiv işləyirik. Enerji sektorunda mədən yanacaqlarından təmiz yanacağa keçmək niyyətindəyik", - deyə o qeyd edib.
"Mitiqasiya tədbirlərindən ən güclüsü karbon qiymətqoymadır. Bu, iqlim dəyişiklərini 32 % azalda bilər. "Yaşıl fiskal siyasət" mexanizmi təkcə "yaşıl iqtisadi artım"ı deyil, eyni zamanda müvafiq mexanizmlərin hazırlanmasını özündə ehtiva edir. İnkişaf etmiş ölkələrdə olduğu kimi artıq Azərbaycanda da karbon qiymətqoyma mexanizmi mövcuddur. Burada mədənçıxarma vergiləri və digər vergilər var. Ancaq effektiv qiymətqoyma alətləri də mövcuddur", - deyə S.Musayeva əlavə edib.
"Biz həm sosial, həm də iqlim hədəflərini özündə əks etdirən vergi çərçivəsi yaratmalıyıq", - deyə rəis müavini vurğulayıb. (Report)