Vergi qanunvericiliyində təsdiq edilmiş vergi təşviqlərinin hesabına 2019-cu ilin əvvəlindən son tarixədək cəmi əmək müqavilələrinin sayı 471 minədək, o cümlədən qeyri-neft özəl sektorda 443 mindən çox artıb.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.
O bildirib ki, vergi islahatları nəticəsində qeyri-neft üzrə özəl sektorda əmək müqavilələrinin artımı 82,1% təşkil edir. Bu günə özəl bölmədə əmək müqavilələrinin sayı dövlət sektorunu üstələyir ki, bu da əmək bazarının əhəmiyyətli leqallaşmasını ifadə edir.
O qeyd edib ki, 2024-cü ildə cəmi əmək haqqı fondu 23,9 milyard manata çatıb ki, burada da 2018-ci illə müqayisə etsək, ümumilikdə 2.5 dəfəyədək, qeyri-neft özəl sektorda isə 2.7 dəfə artım müşahidə olunur.
"Yeri gəlmişkən, Azərbaycanın əmək bazarında apardığı islahatlar Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib", - deyə rəis vurğulayıb.