"Vergi orqanı biznes sektoruna da nəzarət edən qurumdur. Bu baxımdan komplayens və şəffaflıq hər iki istiqamətdə bizim üçün böyük əhəmiyyət daşıyır".
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6% artıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Dövlət Vergi Xidmətinin (DVX) rəisinin müavini Samirə Musayeva deyib.
Onun sözlərinə görə, DVX həm daxili inzibati prosedurların qurulmasında, həm də biznes subyektlərinin komplayens tələblərinə əməl etməsinin təmin olunmasında maraqdır:
"Şəffaflıqdan danışarkən vergi orqanının əsas fəaliyyət göstəricilərindən biri dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi kimi görünə bilər. Lakin 2018-ci il keçid dövrü oldu və 2019-cu ildən etibarən iqtisadi fəaliyyətin şəffaflaşdırılması, iqtisadi fəaliyyət subyektləri arasında şəffaf əməliyyatların təşviqi əsas hədəflərdən biri kimi müəyyənləşdirildi. Burada həm nəzarət, həm də təşviq mexanizmlərindən söhbət gedir.
Müşahidələrimə əsasən deyə bilərəm ki, vergi orqanı komplayensə yalnız könüllü əməl olunması və ya təşviq tədbirləri vasitəsilə nail olmağa çalışmır. Digər tərəfdən, inzibati resurslarından və nəzarət imkanlarından istifadə edir, böyük həcmli məlumatların vaxtında və düzgün emalını, risklərin vaxtında müəyyənləşdirilməsini, habelə hədəfli və ünvanlı nəzarətin həyata keçirilməsini təmin etməyə çalışır".
Rəis müavini qeyd edib ki, 2019-cu ildən sonrakı dövrə nəzər saldıqda, kölgə iqtisadiyyatının həcmini ölçmək üçün müxtəlif metodologiyaların mövcud olduğu görülür:
"Biz bu istiqamətdə daha çox əlavə dəyər vergisi (ƏDV) boşluğu göstəricisinə əsaslanırıq və burada müsbət dinamika müşahidə edirik. Bu nəticələri həm daxili metodologiyalarımız, həm də beynəlxalq standartlara uyğun yanaşmalar vasitəsilə mütəmadi olaraq qiymətləndirməyə çalışırıq".













