Vergilərdən yayınma hallarına qarşı mübarizə istiqamətində aparılan islahatlar, Azərbaycanda vergi sisteminin müasirləşdirilməsi və qlobal iqtisadiyyata inteqrasiyasını stimullaşdırır.
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.
O bildirib ki, iqtisadi təhlükəsizliyimizə ciddi təhdid yaradan kölgə iqtisadiyyatının qarşısının alınması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşması istiqamətində ciddi addımlar atılıb.
"İqtisadi təhlükəsizliyimizə ciddi təhdid yaradan kölgə iqtisadiyyatının qarşısının alınması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşması istiqamətində atılan təqdirəlayiq addımları xüsusilə qeyd etmək lazımdır. Vergi qanunvericiliyin daim təkmilləşdirilməsi ilə yanaşı, təlim tədris proseslərinin daim diqqətdə saxlanılması vasitəsilə vergi xidməti əməkdaşlarının bilik və bacarıqlarının artırılması, peşəkar kadrların yetişdirilməsi, vergi xidmətinin fəaliyyətinin səmərəliliyinin artırılmasına, fiskal siyasətin daha keyfiyyətlə və dəqiq icrasına öz töhfəsini verir. Vergi sistemində əməliyyatların asanlaşdırılması, vergi ödəyicilərinin vergi öhdəliyinin daim nəzarətdə saxlanılması, qanunsuz dövriyyənin qarşısının alınması, eləcə də xidmətlərin əlçatlığının təmin edilməsi istiqamətində son dövrlərdə genişmiqyaslı layihələr həyata keçirilmişdir və biz bunun şahidiyik. Vergi ödəyicilərinə öz vergi əməliyyatlarını rəqəmsal izləmək imkanı verən şəxsi hesab vərəqəsi, eləcə də elektron qaimə fakturaları, ədv geri al, yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi və bu kimi digər layihələrin tətbiqi, büdcə ödənişlərindən yayınma ehtimalının aradan qaldırılması, nağdsız ödənişləri təşviq etməklə dövlətin vergi nəzarətinin daha da gücləndirilməsinə, ölkədə ölkə iqtisadiyyatının şaxələndirilməsinə və biznes mühitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli nəticələr əldə edilməsinə şərait yaradır" - deyə Şahin Bağırov qeyd edib.