“Bu layihə sosial ədaləti pozur. Belə çıxır ki, küçəni süpürən, 500 manat maaş alan adam vergi ödəyəcək, 8 min manata qədər maaş alan İT mütəxəssisi gəlir vergi ödəməyəcək?”
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat təklif edib ki, ehtiyac varsa, İT mütəxəssislərinin maaşı qaldırılsın:
“Dünyanın hər yerində çox qazanan daha çox vergi ödəyir. Azərbaycanda sanki bunun əksi prosesi gedir. Azərbaycanda son zamanlar vergi və rüsumlardan azad olunma nəzərdə tutulub. Fiziki və hüquqi şəxslərin vergi və gömrük rusumlarından büdcəyə təxminən 7-8 milyard manat daxil olmalıdır. Bu tendensiya davam edir. Büdcəyə bəs kim vəsait ödəməlidir? 300-500 manat maaş alanlar? Bu qanun sosial ədaləti pozur, Konstitusiyaya ziddir. Mən bu qanunun əleyhinəyəm”. (Apa)