Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2022-ci il dekabrın 10-da «İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» sərənxam imzalayıb. Sərəncamının icrası ilə bağlı «Sosial sığorta haqqında» qanuna dəyişiklik edilib.
FED.az xəbər verir ki, qanunvericiliyə edilmiş dəyişikliklə həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar ödədikləri məcburi dövlət sosial sığorta haqlarını (DSMF ödənişlərini) dövlət büdcəsi hesabına subsidiya vasitəsilə geri ala biləcəklər.
Dəyişikliyə əsasən, rüb ərzində sığortaedənin vəsaiti hesabına muzdlu işdən gəlir əldə edilən sığortaolunanların xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları 10 il müddətində dövlət büdcəsindən subsidiyalaşdırılacaq. Subsidiyalaşdırma prosesi mərhələli şəkildə həyata keçiriləcək.
Bu o deməkdir Ki, İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2023-2025-ci illərdə dövlət tərəfindən 100% subsidiya ediləcək, yəni ödənilən vəsaitin hamısı hər rüb yenidən şirkətə qaytarılacaq. 2026-2028-ci illərdə ödənişlərin 80%=i subsidiya ediləcək, yəni geri qaytarılacaq. 2029-2030-cu illərdə subsidiyalaşdırılan hissə 60%, sonrakı döırndə isə 40% olacaq.
Muzdlu işçisi olan sahibkarlarla yanaşı, bu güzəşt daha böyük şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, o cümlədən sabit qəbz və fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən fiziki şəxslərə də aid olacaq. Belə ki, bu şəxslərin özlərinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları 10 il müddətində 100 faiz miqdarında dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ediləcək.
Dəyişikliyin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılması, sığortaedənlərin xərclərinin minimum səviyyəyə endirilməsidir.
Subsidiyalaşdırma dövlət və neft-qaz sahəsində, həmçinin qeyri-dövlət sektorunda maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma fəaliyyəti göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılara şamil edilmir.
Subsidiya “Sosial sığorta haqqında” Qanunda nəzərdə tutulan hesabatın təqdim edilmə dövrü bitdiyi tarixdən, habelə sabit qəbz və “Fərqlənmə nişanı” əldə etməklə fərdi qaydada fəaliyyət göstərən fiziki şəxslər üzrə rüb başa çatdıqdan sonra 30 gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.