Vergilər Nazirliyinin əməkdaşları kustar üsulla araq sexi aşkar ediblər.
Nazirlikdən FED.az-a verilən məlumata görə, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə Mingəçevir şəhərində yaşayış evlərinin birində kustar üsulla alkoqollu içkilərin hazırlanması barədə əməliyyat məlumatı daxil olub.
Vergi xidmətinin əməkdaşları tərəfindən Mingəçevir şəhər məhkəməsinin 5 dekabr 2019-cu il tarixli qərarına əsasən Yusubzadə Şəmsəddin Rəzəddin oğlunun yaşadığı Mingəçevir şəhəri, M.F.Axundov küçəsi, ev 8, mənzil 4 ünvanında baxış keçirilib.
Baxış zamanı Ş.Yusubzadə tərəfindən mənzilin sanitar qovşağında antisanitar şəraitdə süzülərək kustar üsulla doldurulmuş 20 ədəd müxtəlif həcmli, 4 ədədi isə 10 litrlik şüşə qablarda və 1 ədəd 3 litrlik şüşə qabda naringi şirəsi qatılmış alkoqollu içkilər, 5 ədəd içki süzmək üçün qıf və 16 kisə boş butulkalar aşkar edilərək götürülüb. Aşkar edilmiş içkilərin tərkibinin müəyyənləşdirilməsi məqsədilə laboratoriyaya nümunələr göndərilib.
Vergi orqanları əhalini bir daha xəbərdar edir ki, ticarət şəbəkələrindən kənar yerlərdən kassa çeki olmadan şübhəli, mənşəyi məlum olmayan alkoqollu içkilərin alışı ilə həm özlərinin, həm də yaxınlarının həyat və sağlamlığını təhlükəyə atmış olurlar. Belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdiriləcək. Vətəndaşlardan bu cür saxta malların satışı faktlarına rast gəldikdə əlaqədar dövlət orqanlarına müraciət etməsi xahiş olunur.