Naxçıvan şəhərində Vergi ödəyicilərinə xidmət mərkəzinin açılışı olub.
Naxçıvanda DVX-nin 7 idarəsi ləğv edilib, 3 Ərazi vergilər idarəsi yaradılıb
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, mərasimdə qurumun rəisi Orxan Nəzərli, muxtar respublikanın baş naziri Səbuhi Məmmədov, Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov iştirak edib.
Vergi ödəyicilərinə xidmət mərkəzində sahibkarlara vergi uçotuna alınmaq, vergi qanunvericiliyinin tətbiqi, vergi bəyannamələrinin tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması və Asan İmza sertifikatlarının verilməsinə dair xidmətlər göstəriləcək. Həmçinin, müraciət edənlərə büdcəyə olan borclarının öyrənmək və öz şəxsi vərəqələrinə nəzər salmaq imkanı yaradılıb. Sabit vergi ödəyən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzi də xidmət mərkəzindən əldə edə biləcəklər.
Qarşıdakı dövrdə muxtar respublikada fəaliyyət göstərən vergi ödəyiciləri üçün vergi xidmətlərinin əlçatanlığının artırılması və könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunması məqsədilə xidmət mərkəzləri şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.