Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsi iki ildən çoxdur ki, istehlakçılara geri qaytarılır. İki milyondan çox vətəndaş "ƏDV geri al" sistemindən istifadə edir.
Azərbaycanda 2 min nəfər ev alanda – ƏDV-Nİ GERİ ALA BİLİB – 5 MİLYON MANAT
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, ölkədə əlavə dəyər vergisinin geri qaytarılmasının tətbiq edildiyi vaxtdan cari ilin martına qədər istehlakçılara təxminən 400 milyon manat ƏDV məbləği geri qaytarılıb.
"ƏDV geri al" sisteminin iki ildən çoxdur tətbiq olunmasına baxmayaraq, bu sahədə hələ də müəyyən problemlər müşahidə edilir. Bir sıra hallarda istifadəçilər nağdsız ödəniş etsələr də, onlara təqdim edilən çekdə ödənişin guya nağd formada edildiyi göstərilir. Nağdsız ödənişlər üzrə qaytarılan ƏDV faizinin 17,5, nağd ödənişlər üzrə isə 5 faiz olduğunu nəzərə alanda bunun istifadəçilərdə narazılıq yaratması da kifayət qədər təbii görünür. Bəzi istifadəçilər isə çeki alıcıya verməkdən yayınan və ya çeklərin ikinci surətini çıxararaq alıcıdan əvvəl ƏDV-ni öz hesablarına yükləyən ticarət obyektləri ilə rastlaşırlar. Bundan başqa, yeni nəsil kassa aparatı olmayan xüsusilə kiçik marketlərdə vətəndaşlar bununla bağlı problemlə üzləşirlər. Hansı ki, qanunvericiliyə əsasən, nəzarət kassa-aparatlarının tətbiqinin nəzərdə tutulduğu sahələrdə alıcılara çekin təqdim olunması məcburidir.
Vətəndaşlar çek tələb etməlidirlər
Mövzu ilə bağlı qəzetimizə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib ki, "ƏDV geri al" layihəsi ölkəmizdə nağdsız ödəmələrin genişlənməsinə təkan verən mühüm layihələrdən biridir: "Son illər nağdsız əməliyyatların təşviqi, elektron ödəniş sistemlərinin təkmilləşdirilməsi və rəqəmsal mexanizmlərin tətbiqi istiqamətində əsaslı tədbirlər həyata keçirilir. Nağd pul dövriyyəsinin həcmini azaltmaq və nağdsız alış-verişin əhatə dairəsini genişləndirmək iqtisadiyyatın müxtəlif sahələrində aparılan islahatlar arasında mühüm yer tutur. Nağdsız ödənişlərin həcminin artması dövriyyələrin şəffaflaşmasına, ödənişlərin leqal aparılmasına və təhlükəsiz maliyyə əməliyyatlarının həyata keçirilməsinə töhfə verir".
A.Hüseynov deyib ki, hökumət nağdsız ödənişləri stimullaşdırmaq məqsədilə Vergi Məcəlləsində dəyişiklik etməklə geri qaytarılan ƏDV məbləğinin faiz dərəcəsini 15 faizdən 17,5 faizə qədər artırıb. Bu dəyişikliyin əsas məqsədi "kölgə iqtisadiyyatı"nın əhatə dairəsinin azaldılması, dövriyyələrin şəffaflaşdırılması və nağdsız əməliyyatların daha da stimullaşdırılmasıdır.
"Vergi Məcəlləsində edilmiş digər bir dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, mehmanxana xidmətlərinə görə ödənilən ƏDV də istehlakçılara geri qaytarılmalıdır. Bu ərazilərdə fəaliyyət göstərən mehmanxanalarda gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada isə 5 faizi fiziki şəxs olan istehlakçılara geri qaytarılır", - deyə deputat qeyd edib.
A.Hüseynov bildirib ki, burada vətəndaşların üzərinə böyük məsuliyyət düşür. "Bu gün əksər ticarət və iaşə obyektlərində kassa aparatları quraşdırılıb. Lakin bəzi hallarda vətəndaşlar satıcıdan kassa çekini tələb etmirlər. Belə halda isə ƏDV-nin geri qaytarılması mümkün olmur. ƏDV əldə etmək istəyən vətəndaşlar kassa çekini tələb etməlidirlər. Digər tərəfdən, Azərbaycanda nağdsız ödənişlərin inkişafı üçün kifayət qədər zəruri infrastrukturlar qurulub. Vətəndaşlar bir sıra hallarda kartlarında pul olsa da, ödənişi nağd şəkildə etməyə üstünlük verirlər. Nəzərə almaq lazımdır ki, kartla əməliyyatlar həm təhlükəsiz, həm də daha faydalıdır. Alıcılar kartla alış-veriş zamanı daha çox ƏDV geri qaytara bilir, həm də banklar tərəfindən kəşbek qazanırlar. Bütün bunlar onu göstərir ki, "ƏDV geri al" kampaniyası üçün geniş imkanlar və münbit mühit yaradılıb".
Nağd və ya nağdsız olmasından asılı olmayaraq, ƏDV məbləği büdcədən ödənilir
Hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, vətəndaşlar nağdsız ödəniş etmək imkanına malik olmalıdırlar: "Əgər ticarət obyektində POS-terminal yoxdursa, vətəndaş nağdsız ödəniş edə bilmədiyinə görə vergi orqanlarına şikayət edə bilər. Nəzərə almaq lazımdır ki, POS-terminalların məcburi olduğu obyektlərdə onların quraşdırılmamasına və terminal olan obyektlərdə nağdsız ödənişlərdən imtina edilməsinə görə ticarət obyektinə maliyyə sanksiyası tətbiq edilə bilər. Alıcılar QR kodların olduğu kassa çeklərini ala bilmədikdə aidiyyəti qurumlara şikayət etməlidirlər".
Ə.Həsənov, həmçinin bildirib ki, bəzi istifadəçilər nağdsız ödəniş etdikləri halda, bəzən ƏDV-ni geri qaytardıqdan sonra ödənişin nağd olduğunu və ona uyğun faizlə hesablanmış məbləğin geri qaytarıldığını iddia edirlər: "Açığı, bu, aydın deyil. Əslində, ticarət obyekti üçün ödənişi nağd və ya nağdsız vurmağın heç bir fərqi yoxdur. Lakin əgər belə hallar varsa, mütləq araşdırılmalı və bunu törədənlərə cəza tətbiq edilməlidir".
Məsələ ilə bağlı qəzetimizə Dövlət Vergi Xidmətindən bildirilib ki, ƏDV məbləği sahibkarlardan deyil, büdcədən geri qaytarılır. Ona görə də satıcının ödənişi nağd və ya nağdsız qeyd etməsi ona əlavə gəlir qazandırmır. Lakin belə anlaşılmaz hallarla qarşılaşan vətəndaşlar aiddiyyəti qurumlara müraciət edə bilərlər.
İllik dövriyyəsi 200 mini keçməyənlərin ƏDV qaytarmaq öhdəliyi yoxdur
Hüquqşünas, həmçinin deyib ki, ƏDV ödəyicisi olan hüquqi şəxsin illik dövriyyəsi 200 min manatı keçmirsə, onun vətəndaşa ƏDV qaytarmaq öhdəliyi yoxdur. ƏDV məqsədləri üçün qeydiyyata alınmış və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 200 min manatdan çox olan şəxslərin isə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.
"Bəzən eyni şirkət dövriyyənin qeyd edilən məbləği keçməməsi üçün bir neçə şirkət kimi qeydiyyatdan keçir. Bu, artıq vergidən yayınma halıdır. Əgər ticarət obyekti vətəndaşa dövriyyəsi 200 mini keçmədiyinə görə, ƏDV qaytara bilmədiyini deyirsə, istənilən halda çeki alıcıya mütləq təqdim etməlidir. Onsuz da QR kodu oxutduqdan sonra şirkətin ƏDV-yə cəlb edilib-edilməməsi "ƏDV geri al" sistemində qeydə alınır. Doğrudan da, həmin obyekt ƏDV ödəyicisi olmayandırsa, sistemdə "Satıcı ƏDV ödəyici deyil" xətası əks olunacaq. Lakin ticarət obyektinin yalan məlumat verdiyi aşkarlanarsa, onda vətəndaş aidiyyəti qurumlara müraciət edib haqqını tələb edə bilər", - deyə Ə.Həsənov bildirib.
Dövlət Vergi Xidmətindən isə qeyd olunub ki, ümumiyyətlə, ƏDV-nin qaytarılması üçün 3 əsas şərt var. Birincisi, ticarət obyekti özü ƏDV ödəyicisi olmalıdır; ikincisi, satılan mal ƏDV-yə cəlb edilmiş mal olmalıdır (misal üçün, neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları, eləcə də buğda ununun və çörəyin, heyvan və quş ətinin satışı ƏDV-dən azaddır), üçüncüsü isə, obyektdə yeni nəsil kassa aparatı olmalıdır. Məlumatda bildirilib ki, bu sahədə şəffaflığın artırılması üçün mütəmadi monitorinqlər keçirilir. Ümumiyyətlə, qaytarılmalı ƏDV məbləğinin yanlış hesablandığını düşünənlər Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Mərkəzinə müraciət edə bilərlər. (Azərbaycan qəzeti)