Əmək qanunvericiliyinin əhatə etdiyi önəmli məsələlərdən biri də məzuniyyətdə olduğu dövrdə işçiyə verilən təminatlardır.
Eləcə də bax: Azərbaycanda işçilərə məzuniyyət - MƏCBURİ OLACAQ
FED.az xəbər verir ki, mövzunu “vergiler.az” üçün insan resurslarının idarə olunması üzrə mütəxəssis Nihad Əliyev şərh edir.
Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən, məzuniyyətdə olan işçilərə aşağıdakı təminatlar verilir:
– məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi və orta əməkhaqqı saxlanılır;
– işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulmasına yol verilmir;
– işçinin intizam məsuliyyətinə cəlb edilməsinə yol verilmir.
Misal 1: Tutaq ki, baş ofisdə mühasib vəzifəsində çalışan işçi 1 fevral 2022-ci ildən 28 fevral 2022-ci il tarixi də daxil olmaqla 28 təqvim günü müddətinə əmək məzuniyyətində olub. İşəgötürən işçinin əmək məzuniyyətində olduğu dövrdə onun iş yerini daimi olaraq müəssisənin Binəqədi filialına dəyişdirmək istəyir. Bu, mümkün deyil, məzuniyyətdə olan işçinin iş yeri dəyişdirilə bilməz. İşçi əmək məzuniyyətindən qayıtdıqdan sonra tərəflərin razılığı ilə əmək müqaviləsinə edilmiş dəyişikliklə bu, mümkün ola bilər.
Misal 2: Tutaq ki, işçi 1 fevral 2022-ci ildən 20 fevral 2022-ci il tarixi də daxil olmaqla 20 təqvim günü müddətinə təhsil məzuniyyətində olub. İşəgötürən işçinin təhsil məzuniyyətində olduğu dövrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, “ştatların ixtisarı əsası” ilə onun əmək müqaviləsinə xitam vermək istəyir. Bu, mümkün deyil, bu halda işçinin ştatı ixtisar oluna bilməz.
Misal 3: Tutaq ki, işçi 1 fevral 2022-ci ildən 14 fevral 2022-ci il tarixi də daxil olmaqla 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyətə çıxıb. İşəgötürən işçinin ödənişsiz məzuniyyətində olduğu dövrdən bir ay öncə, yanvar ayında işçinin törətdiyi nöqsana görə, Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işçini intizam məsuliyyətinə cəlb etmək istəyir. Bu da mümkün deyil. İşçi ödənişsiz məzuniyyətdən qayıtdıqdan sonra bu məsələyə baxılaraq ona intizam tənbehi verilə bilər.