Mənfəət vergisi bəyannaməsinin tərtibi və təqdim edilməsi ilə bağlı Bəyannamə Tərtibatı Proqramında mühüm təkmilləşdirmələr aparılıb.
Eləcə də bax: Ezamiyyə xərclərinin gəlirdən çıxılması - NECƏ TƏNZİMLƏNİR?
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən “Good Finance” MMC-nin vergi məsləhətçisi Teymur İslamlının sözlərinə görə, Vergi Məcəlləsinin 72.4-1-ci maddəsinə əsasən, vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergiödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir:
“Vergi Məcəlləsinə bu ildən əlavə edilən 72.4-1-ci maddəsi ilə 163-cü maddədə nəzərdə tutulmuş halların bəyannamədə əks etdirilməsi ümumi norma kimi tanınıb. Yəni, əməliyyat tam və ya qismən ləğv edildikdə, mallar geri qaytarıldıqda, əməliyyatın xarakteri, qiymətlərin aşağı düşməsi ilə əlaqədar razılaşdırılmış kompensasiya dəyişdikdə və digər bu kimi əsaslar yarandıqda həmin dəyişiklik baş verdiyi hesabat dövründə nəzərə alınmalıdır. Bu məsələ ƏDV-yə münasibətdə indiyədək də qeyd olunan qaydada tənzimlənirdisə, mənfəət (gəlir) vergisi ilə bağlı müəyyən boşluqlar var idi. Məcəlləyə edilmiş dəyişikliklə 163-cü maddənin tələbləri mənfəət (gəlir) vergisinə də şamil olundu”.
T. İslamlı qeyd edib ki, Məcəlləyə edilmiş dəyişikliyin bəyannamə formasında əks etdirilməsi Dövlət Vergi Xidmətinin 2022-ci il 23 fevral tarixli Əmri ilə təsdiq edilsə də, indiyədək Bəyannamə Tərtibatı Proqramına (BTP) müvafiq sətirlər işlənməmişdi. BTP-nin sonuncu versiyasında isə yeni sətirlər əks olunub. Dəqiqləşmə üzrə artırılan gəlir və xərclərin isə ayrıca sətirdə qeyd edilməsinə ehtiyac yoxdur, bunlar müvafiq sətirlərdə əks etdirilə bilər.
Məsələnin qanunvericilikdə bu cür qoyulması həm də vergidən yayınma sxemlərinin və sui-istifadə hallarının qarşısını alır. Belə ki, bəzi vergiödəyiciləri mənfəət vergisi məbləğinin “şişməsinin” qarşısını almağa əvvəlki ildə təqdim edilmiş elektron qaimə-fakturaları ləğv etməklə nail olurdularsa, artıq bunu birbaşa etmək mümkün olmayacaq.
Eyni zamanda, həm qanunvericilik, həm də texniki baxımdan məsələnin bu formada qoyuluşunu müsbət və mütərəqqi addım kimi qiymətləndirmək lazımdır. Ən azından ona görə ki, dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etmək heç də həmişə mühasiblərin ürəyincə olmur.