2024-cü ilin əvvəlindən Vergi Məcəlləsinə dəyişikliklərdən sonra mühasiblər və sahibkarlar arasında dolaşan suallardan biri də avanslarla bağlı qaimənin tərtibi ilə bağlıdır.
FED.az xəbər verir ki, vergi mütəxəssisi İlqar Əsədov bu mövzu ilə bağlı ortaya çıxan əsas suallara aydınlıq gətirib:
1. Avansla bağlı hər bir halda e-qaimə tərtib edilməlidir?
- Xeyr, yalnız avans aldıqda. Verilmiş avans üçün yox.
2. Hal-hazırda bizə avanslar gəlir, e-qaimə tərtib etməliyəm?
- İstəsəniz də bu mümkün deyil, çünki hələ texniki olaraq DVX-nin internet vergi idarəsində bu yoxdur.
3. Bu adi bildiyimiz e-qaimədir ya xüsusi?
- Xeyr, bununla bağlı məxsusi e-qaimə olacaqdır. Lakin ilk öncə NK-nin 26 nömrəli qərarına əlavə edilməlidir ki, sonra onun elektron versiyasını DVX hazır edə bilsin.
4. E-qaimə forması, məsələn, may ayında hazır olarsa, ilin əvvəlindən keçən 5 ay içində aldığımız avanslara görə yenidən qaimə tərtib etməli olacağıq, yoxsa yalnız sistemə yerləşdirildikdən sonra əldə edilmiş avanslara qaimə tərtib ediləcək?
- Mahiyyət etibarı ilə yalnız elektron versiyası hazır olduğu tarixdən sonra əldə edilmiş avanslara görə tərtib edilməlidir. Lakin əgər həmin tarixədək mallar (xidmətlər) verilməmişdirsə (göstərilməmişdirsə) tərtib edilməsi daha doğru olar.
5. Öncə yeni e-qaiməni tərtib edəcəm, sonra qarşı tərəf bizə avans ödəyəcək, ya əksinə?
- Öncə avansı alacağıq, sonra ona e-qaimə tərtib edəcəyik.
6. Alınmış avans üçün e-qaiməni nə zaman tərtib etməliyik?
- Həmin gün.
7. Alınmış avans üçün e-qaiməni tərtib etməməyə görə maliyyə sanksiyası nəzərdə tutulubmu?
- Xeyr.
8. Avansı ödəyən şəxs bank ödəniş tapşırığında təyinat bölməsində avans üçün alınacaq qaimənin seriya nömrəsini yazmalıdır?
- Xeyr. Sözügedən qaimə ödəniş edildikdən sonra sizə göndəriləcək deyə, siz yenə eyni qaydada avans sözü və müqavilənin tarix nömrəsini yazmalısınız.
9. Avans ödəniş aldıq, malları 5 gün sonra göndərməli idik, lakin iş elə alındı ki, elə avansı aldığımız gün malları göndərdik. Avans üçün e-qaimə tərtib etməyə ehtiyac var?
- Xeyr, belə olduğu təqdirdə ehtiyac deyil.
10. Avans üçün e-qaimə tərtib edilmişdirsə mallar göndərəndə yenə adi e-qaimə tərtib etməliyik?
- Bəli.
11. Aldığımız avans üçün ayrıca e-qaimənin tərtib edilməsi ikili dövriyyə yarada bilərmi?
- Xeyr.
12. Sadələşdirilmiş vergi ödəyicisi də avans alsa bunun üçün e-qaimə tərtib etməlidir ?
- Bəli. Vergi ödəyici Donald Trump olsa belə.
13. Aldığımız avansa görə e-qaimə tərtib etdik, lakin əməliyyat baş tutmadı və ödənişi geri qaytardıq. Bunun üçün geri qaytarılma e-qaiməsi göndərməliyik?
- Xeyr.
14. Müştəri 10 000 AZN ödəniş edib, ödənişin 4 000 AZN hissəsi daha əvvəl satılmış mal üçündür, digər qismi isə avans xarakteri daşıyır. E-qaimədə hansı məbləği göstərəcəyik?
- 6000 azn.
15. Müştəriyə mal satırıq və o da bizə ödəniş edir. Sonra malları bizə tam geri qaytarır, lakin ödənişi geri tələb etmir. Onun bizdəki pulu avansa çevrilir. Bunun üçün avans qaiməsi tərtib etməliyik?
- Bu hazırda açıq qalan məsələdir. DVX münasibət bildirməlidir. Sözügedən qaimənin forması təsdiqləndikdən sonra daha dəqiq fikir söyləmək olar. Əks halda hər bir fikir subyektiv olaraq qalacaqdır.