Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri idxal edəcəkləri mallar haqqında vergi orqanına məlumat verməlidirlər.
Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz 29% artırılır
FED.az xəbər verir ki, bu maddə üzrə Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı vacib məqamları iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Birinci dəyişiklik - Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan vergi ödəyiciləri idxal ediləcək mallarla bağlı vergi orqanının təsdiq etdiyi formanı müvafiq qaydada təqdim etməlidirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 14 mart 2022-ci il tarixli 6 saylı qərarı ilə "Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması" təsdiq olunub. Əvvəllər bəzi vergi ödəyiciləri sənədləri sərbəst formada təqdim edirdilər. Dəyişiklikdən sonra isə qeyd edilən forma yalnız internet vergi portalında yaradılmış xüsusi bölmə vasitəsilə təqdim olunmalıdır.
İkinci dəyişikliklə Vergi Məcəlləsinin 16.1.1-11.1-ci maddəsi ləğv edilib. Həmin maddədə qeyd olunurdu ki, vergi ödəyicisi mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə məlumatı qeyd etməlidir. Maddənin ləğv edilməsini vergi inzibatçılığının təkmilləşdirilməsi kimi qiymətləndirmək lazımdır. Bundan əlavə, artıq növbəti dəyişiklikdən aydın olur ki, idxalla məşğul olan (karqo şirkətləri istisna edilməklə) vergi ödəyiciləri ilə bağlı nəzarət tədbirləri yumşaldılıb.
Vergi Məcəlləsinin 16.1.11-11.3-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, "bir" sözündən sonra "və ya bir neçə" sözləri əlavə edilib. Son dəyişikliyədək vergi ödəyicisinin vergi orqanında bir təsərrüfat subyekti (obyekti) olduğu halda vergi orqanına müvafiq forma göndərilməsi tələbi var idi.
Misal 1: Tutaq ki, bank fəaliyyəti göstərən vergi ödəyicisinin baş ofisi ilə yanaşı filialları olduğu halda, idxalla bağlı formanı təqdim etməli idi. Amma yeni dəyişiklikdən sonra vergi ödəyicisinin birdən artıq təsərrüfat subyekti (obyekti) olduğu halda da vergi orqanına idxalla bağlı məlumat forması təqdim etməsinə ehtiyac qalmayıb. Öncəki dəyişiklikdə qeyd etdiyimiz kimi, Vergi Məcəlləsindəki dəyişikliklərlə idxalla məşğul olan vergi ödəyicisinə yumşalmalar tətbiq edilib.
Növbəti dəyişiklik qeyri-sahibkarlıq və şəxsi istifadə üçün mallar idxal olunan zaman müvafiq formanın təqdim edilməməsi ilə bağlıdır.
Misal 2: Fərdi sahibkar şəxsi istifadə üçün minik avtomobili idxal edirsə, Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumat formasını vergi orqanına göndərməyəcək. (vergiler.az)