Azərbaycanda pərakəndə ticarət sektorunda çalışan sahibkarlardan polietilen torbaların pulla satılması tələb edilib.
İndiyədək pulsuz idi, marketlərdə pulla satılacaq - YENİ TƏLƏB AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə mühasibətlıq şirkətləri Dövlət Vergi Xidmətindən daxil olan bildirişə əsasən məlumat veriblər.
Məlumata görə, vergi orqanı vergi ödəyicilərinə polietilen torbaların nəzarət-kassa aparatının çeklərində ayrıca məhsul kimi təqdim edilməsi ilə bağlı bildiriş göndərib.
Bildirişin məzmununda qeyd edilir ki, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir. Bildirişdə həmçinin qeyd olunur ki, Vergi Məcəlləsinin 50.8.5-ci bəndinə əsasən nəzarət-kassa aparatının çeklərində malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği) göstərilməlidir».
Bildirişdən məlum olur ki, mağazalar, ximət və iaşə obyektlərində malların satışı həyata keçirilərkən qablaşdırmada istifadə olunan polietilen torbaların adı və dəyəri kassa çekində göstərilmədikdə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 1000 (və ya 3000 və 6000) manat maliyyə sanksiyası tətbiq edilə bilər.