Ölkə iqtisadiyyatının inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, münbit investisiya mühitinin yaradılması, daxili bazarın qorunması, yerli istehsalın inkişafı istiqamətində görülən tədbirlərə etinasız yanaşan bəzi xarici fəaliyyət iştirakçıları qanunvericiliyin tələblərinə əməl etməyərək idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışır.
FED.az xəbər verir ki, 5722,52 manat əlavə ödəniş etməli olan “Kaspian Standart CO” MMC, 7353,8 manat əlavə ödəniş etməli olan “Polonia-Karqo” MMC və 2241,43 manat əlavə ödəniş etməli olan “Capital-Motors” MMC barəsində toplanmış materiallar Qaradağ Rayon Məhkəməsinə, 34502,34 manat əlavə ödəniş edəcəyi müəyyən edilən “Azerturk Business Group” MMC, 56573,95 manat əlavə ödəniş edəcəyi müəyyən edilən “Casamia” MMC, 36847,00 manat əlavə ödəniş edəcəyi müəyyən edilən “Polonia-Karqo” MMC və 4274 manat əlavə ödəniş edəcəyi müəyyən edilən“Dincer və Carcioğlu” şirkəti barəsində məlumatlar isə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq İdarəsinə göndərilib və əlavə ödənişlərin ödənilməsi təmin olunub. “Casamia” MMC tərəfindən 2 dəfə idxal edilən yükə aid invoys sənədi isə, ümumiyyətlə təqdim edilməyib. “İtaldizayn Group” QSC-nin tərkibinə daxil olan şirkətlərin invoys qiymətlərində isə 10916,1 avro fərq yarandığı müəyyən olunub.
İdxal etdikləri malları dəyərindən az göstərən hüquqi və fiziki şəxslərin adlarını və onların gömrük ödənişlərindən yayındırmağa çalışdıqları vəsaitlərin miqdarını cədvəldə aydın görmək mümkündür.
Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində ayrı-ayrı fiziki və hüquqi şəxslər üzrə verilən sorğulara əsasən, ümumilikdə 552915 manat məbləğində gömrük dəyərinin düzgün göstərilmədiyi müəyyən edilib, bu da öz növbəsində təxminən 199049 manat gömrük ödənişindən yayındırılma deməkdir.
Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə də müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.