Ötən il sentyabrın 19-da keçirilən Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin dövlət səviyyəsində dəfn mərasimi britaniyalı vergiödəyicilərinə 162 milyon funt sterlinqə (201 milyon dollar) başa gəlib.
Eləcə də bax: Kraliçanın ölümündən sonra - MİLYARDER OLDULAR
FED.az xəbər verir ki, bu barədə Krallığın maliyyə naziri Con Qlen parlamentdəki hesabatında bildirib. O qeyd edib ki, müxtəlif ölkələrdən dövlət başçılarının, görkəmli siyasət, mədəniyyət və ictimai xadimlərin iştirak etdiyi dəfn mərasimində ən çox maliyyə vəsaiti (73,7 milyon funt sterlinq) ictimai asayişi və təhlükəsizliyi təmin edən polisə cavabdeh olan Daxili İşlər Nazirliyinə ayrılıb. Bundan başqa, mədəniyyət, media və idman departamentinə 57,4 milyon funt sterlinq, Şotlandiya hökumətinə isə 18,8 milyon funt sterlinq xərclənib. C.Qlen əlavə edib: "Mərhum Ülyahəzrət Kraliça II Elizabetin ötən il sentyabrın 8-də vəfatı və ondan sonrakı milli matəm dövrü böyük milli əhəmiyyətə malik bir an idi. Hökumətin prioritetləri hər zaman ictimaiyyətin təhlükəsizliyini və asayişi təmin etməklə yanaşı, bu tədbirlərin rəvan və ləyaqətlə keçməsi idi”.
Maliyyə nazirinin açıqlaması II Elizabetin oğlu Kral III Çarlzın tacqoyma mərasimindən qısa müddət sonra verilib. Britaniya parlamenti kral ailəsinə ayrılan böyük maliyyə vəsaitlərini bir çox britaniyalının sosial böhran şəraitində çətin həyat şərtləri fonunda müzakirə edib. Bukingem sarayı, tacqoyma zamanı geniş təhlükəsizlik əməliyyatının ümumi məbləğinin 100 milyon funt sterlinqə çatacağına dair xəbərləri təkzib edib. (Azərtac)