2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər icarə sahəsinə də təsir edib.
Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Business Service Center” MMC-nin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Abdulla Əfəndiyev bu sektorla bağlı yenilikləri şərh edib.
Yeni dəyişikliklərdə Vergi Məcəlləsinin 124.1-ci maddəsinə “kirayə” termini əlavə olunmaqla icarə və kirayə haqları arasında fərqlər öz əksini tapıb. Belə ki, icarədən əldə edilmiş gəlirlər ödəmə mənbəyində 14% dərəcə ilə vergiyə cəlb olunsa da, kirayə gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə verginin tutulmasına qərar verilib. Əgər fiziki şəxs öz yaşayış sahəsini (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşmə vasitələri istisna olmaqla) başqa bir fiziki şəxsə kirayəyə verərsə, ondan əldə etdiyi gəlirdən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulacaq. Kirayə haqqını ödəyən fiziki şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda kirayəyə verən özü, yaxud onun vergi agenti vergini ödəməli, vergi uçotuna alınıb bəyannaməni təqdim etməlidir.
Misal 1: Vətəndaş Məmmədov Anar Qurban oğlu (adlar şərtidir) Nəsimi rayonunda yerləşən ona məxsus mənzilini tələbə Həsənova Sevinc Əli qızına 450 manata kirayəyə verib. Kirayəçi vergi ödəyicisi olmadığından, ödəmə mənbəyində kirayə haqqından vergi tutulmur. Bu zaman kirayəyə verən aylıq 45 manat (450 x 10% = 45 manat) və illik 540 manat (45 x 12 = 540 manat) olmaqla gəlir vergisini hesablayıb ödəməli, növbəti ilin 31 mart tarixindən gec olmadan isə bəyannaməni vergi orqanına təqdim etməlidir.
Vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs vergi orqanında uçotda olmayan şəxsə icarə haqqı ödəyirsə, bu zaman icarəyə verən, yaxud onun vergi agenti 14% dərəcə ilə vergini ödəməli, vergi uçotuna alınıb bəyannamə verməlidir.
Misal 2: Əgər vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs özünə məxsus qeyri-yaşayış sahəsini vergi uçotunda olmayan digər fiziki şəxsə 600 manata icarəyə verirsə, bu zaman ödəmə mənbəyində icarə haqqından vergi tutulmayacaq. Belə ki, qeyri-yaşayış sahəsini icarə verən şəxs vergi uçotuna alınaraq əldə etdiyi gəlirdən aylıq 84 manat (600 x 14% = 84), illik 1.008 manat (7.200 x 14% = 1.008) olmaqla gəlir vergisi hesablayıb ödəməli və gəlir vergisi bəyannaməsini təqdim etməlidir.
Vergi Məcəlləsinin 124.2-ci maddəsinə müvafiq olaraq, icarə, yaxud kirayə haqlarından gəlir əldə edən fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulubsa, həmin gəlir bir daha vergiyə cəlb olunmur.
Misal 3: VÖEN-i olmayan fiziki şəxs özünə məxsus 200 kvadratmetr sahəsi olan anbarı (qeyri-yaşayış obyekti) fərdi sahibkar Nəcəfov Elman Qasım oğluna aylıq 700 manat ödəniş qarşılığında icarəyə verib. Bu zaman fərdi sahibkar ödəmə mənbəyində 98 manat (700 x 14% = 98 manat) vergi məbləğini tutmaqla qalan 602 manat vəsaiti fiziki şəxsə ödəyəcək. Fiziki şəxsin bu əməliyyatdan əldə etdiyi gəlir (602 manat) heç bir vergiyə cəlb edilmir. (vergiler.az)











