2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir, layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.
Eləcə də bax: Məişət texnikası alan şəxslərə ƏDV-nin geri qaytarılması - MÜZAKİRƏ EDİLİB
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,7 milyona yaxın istifadəçi qeydə alınıb.
“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 536 milyon 252 min 529 kassa çeki üzrə 213,9 milyon manatdan çox, təkcə bu ilin yanvar-mart ayları ərzində isə 107 milyon 998 min 512 çek üzrə 42 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Qeyd olunub ki, 2021-ci ilin 1-ci rübü ərzində istehlakçılara 67 milyon 101 min 388 kassa çeki üzrə 26,7 milyon manatdan çox ƏDV məbləği qaytarılıb.
ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür. Hazırda ölkə üzrə tətbiq edilən onlayn kassaların sayı 58 min 95-dir.
İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir.