Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2021-ci il tarixli, 3032 saylı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamında Nazirlər Kabinetinə vergi güzəştləri ilə bağlı iki tapşırıq verilib.
Vergi güzəştləri xaricdən əldə edilən kənd təsərrüfatı fəaliyyətindən gəlirlərə - ŞAMİL EDİLİRMİ?
FED.az xəbər verir ki, həmin tapşırıqların icrası barədə iqtisadçı Anar Bayramov danışıb.
Tapşırıqlardan birincisi işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi ilə bağlıdır. Digər tapşırığa əsasən, işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməlidir. Bu səbəbdən, 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsinə vergi güzəştlərinin tətbiqi ilə bağlı “İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri” adlı XIX fəsil əlavə edilib. Vergi Məcəlləsinə əlavə edilən 226.1-ci maddəyə əsasən, bu fəsil işğaldan azad edilmiş ərazilərdə həmin ərazinin rezidentlərinə verilən vergi azadolmaları, həmin azadolmaların tətbiq edildiyi subyektlərin və əməliyyatların dairəsi ilə bağlı məsələləri tənzimləyir. İşğaldan azad edilmiş ərazilərdə vergitutma ilə bağlı bütün digər məsələlər bu Məcəllənin I - XVII fəsillərinə uyğun olaraq tənzimlənir.
Maddədən göründüyü kimi, XIX fəsil yalnız işğaldan azad edilmiş ərazilərdə həmin ərazinin rezidentlərinə verilən vergi azadolmaları, həmin azadolmaların tətbiq edildiyi subyektlərin və əməliyyatların dairəsi ilə bağlı məsələləri özündə əks etdirir. Başqa məsələlər üzrə yanaşma Vergi Məcəlləsinin digər fəsillərinə uyğun olaraq həyata keçiriləcək.
Misal üçün, bank hesabının açılması və ya kameral vergi yoxlamasının keçirilməsi ilə bağlı məsələlər Vergi Məcəlləsinin müvafiq maddələri üzrə digər vergi ödəyicilərində olduğu kimi tətbiq ediləcək.
Bəs işğaldan azad olunan ərazilərdə vergi güzəştindən yararlanmaq üçün əsas tələb hansıdır?
Vergi Məcəlləsinin 226.2-ci maddəsinə əsasən, bu fəslin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.
Maddədən göründüyü kimi, güzəştdən yararlanmaq istəyən hüquqi və fiziki şəxslər ilk öncə iki tələbə cavab verməlidirlər:
- işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınmalıdırlar;
- bilavasitə həmin ərazilərdə fəaliyyət göstərməlidirlər.
Həmin ərazilərdə hansı sahədə fəaliyyət göstərən vergi ödəyicilərinə vergi azadolmaları tətbiq edilməyəcək?
Mümkündür ki, vergi ödəyicisi işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınaraq bilavasitə həmin ərazidə fəaliyyət göstərsin, amma azadolmalar ona tətbiq edilməsin. Vergi Məcəlləsinin 226.3-cü maddəsinə əsasən, bu fəsildə müəyyən edilən vergi azadolmaları aşağıdakı fəaliyyət növləri və əməliyyatlara şamil edilmir:
- Maliyyə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət (Maddə 226.3.1.)
Vergi Məcəlləsinin 13.2.14-cü maddəsinə əsasən, maliyyə xidmətlərinə aşağıdakılar aiddir:
- kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi;
- müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar;
- qanuni tədiyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinasların (numizmatika əşyalarından başqa) tədavülü ilə bağlı əməliyyatlar;
- səhmlər, istiqraz vərəqələrinin, sertifikatların, veksellənin, çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar. İnkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir.
- törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsionlara və analoği sazişlərə aid əməliyyatlar;
- investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər;
- sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri.
Misal 1: Qubadlıda fəaliyyət göstərən hər hansı bankın filialına bu fəsildə nəzərdə tutulan azadolmalar tətbiq edilməyəcək. Və yaxud Cəbrayılda fəaliyyət göstərən sığorta şirkəti də azadolmalardan yararlana bilməyəcək.
- Avtonəqliyyat vasitələri ilə yük daşıma xidmətləri (Maddə 22632)
Vergi ödəyicisi işğaldan azad olunmuş ərazilərdə avtonəqliyyat vasitələr ilə yükdaşıma xidməti göstərdiyi halda, ona azadolmalar tətbiq edilməyəcək.
- Dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi (Maddə 226.3.33)
Misal 2: Vergi ödəyicisi dövlət büdcəsinin vəsaiti hesabına işğaldan azad olunmuş ərazidə təhsil və yə səhiyyə müəssisəsi üçün inzibati bina tikirsə, o zaman azadolmalar həmin şəxslərə şamil edilməyəcək.
Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı (Vergilər.az)