Bu ilin may ayının 1-nə Azərbaycan üzrə uçotda olan 1 milyon 547 min 914 vergi ödəyicisinin 87,3 %-i fiziki şəxs, 12,7 %-i hüquqi şəxs və digər təşkilatlar olub.
Azərbaycanda ƏDV ödəyicilərinin sayı - 5,3 FAİZ ARTIB
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 %, o cümlədən fiziki şəxslərin sayı 7,3 % (ümumi artımın 86,5 %-i), hüquqi şəxslərin sayı 7,8 % (ümumi artımın 13,5 %-i) artıb. Təhlil aparılan dövrdə vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 % olub. Kommersiya qurumlarının sayı 180 174 vahid təşkil edib və müqayisə edilən dövr ərzində 8,5 % artıb.
Yanvar-aprel aylarında 3 995 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 3 583-i yerli investisiyalı, 412-si xarici investisiyalı qurumlardır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 78,5 %-i elektron qaydada edilmiş müraciətlər əsasında qeydə alınıb. Bu dövrdə qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 87,9 % təşkil edib. 4 ayda yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 540 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 13,5 %, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,1 % təşkil edib. Ümumiyyətlə, 2024-cü ilin yanvar-aprel aylarında icra olunmuş elektron qeydiyyat ərizələrinin 2 587-si "Asan imza" ilə təqdim olunub.
2024-cü ilin mayın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,2 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb. Hesabat dövrünə dövlət qeydiyyatında olan 115 547 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,1 % artıb, xüsusi çəkisi isə 1,4 faiz bəndi artaraq 64,1 % olub.
Mayın 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 36 721 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,6 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,8 % təşkil edib.